Elxan Məmmədov "Malaqa"ya keçən futbolçudan danışdı: "İstisna deyil ki, hansısa ispan ailəsi onu himayəsinə götürsün"

17:24 14 Fevral 2015

Azərbaycanın futbol üzrə U-17 yığma komandasının hücumçusu Qara Qarayevin İspaniyanın “Malaqa” klubuna keçməsinə az qalıb. O, artıq bir həftədən çoxdur ki, həmin klubun düşərgəsində baxışdadır.

 

Sportarena.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov Klublar Komitəsinin növbəti iclasında Qarayevin “Malaqa”ya mümkün keçidi ilə bağlı bunları söyləyib:

 

“”Malaqa” Qarayevlə müqavilə imzalamaq istəyir. Amma burada bir məqam var. Azərbaycan Avropa Birliyinin üzvü deyil. Buna görə də bizim ölkənin 18 yaşdan kiçik olan vətəndaşlarına AB üzvü olan ölkələrdə yaşamaq qadağan olunub. Hazırda bu problemi yoluna qoymaqla məşğuluq. İstisna deyil ki, hansısa ispan ailəsi onu himayəsinə götürsün. Məsələn, gürcüstanlı gənc futbolçular İspaniyadakı problemlərini məhz bu yolla həll edirlər".

 

Mətbuatda yayılan məlumata görə, "Malaqa" Qara Qarayevi U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsinin Belçikada keçirilən oyunları zamanı bəyənib. Ona görə də futbolçumuz fevralın 3-dən "Malaqa" klubuna baxışa dəvət alıb.

 

Qara Qarayevin məxsus olduğu “Əlincə” klubunun mətbuat katibi Vüsal Hacıyev isə müsahibələrinin birində futbolçularının “Malaqa”nın maraq dairəsinə düşməsi ilə bağlı belə demişdi:

 

“Zatən "Əlincə" olaraq əsas hədəflərimizdən biri də ölkə xaricinə futbolçu çıxarmaqdı. Bundan öncə Qara Qarayev "Beşiktaş"ın da hədəf seçdiyi futbolçu idi. Ancaq "oturma izni" ilə bağlı problemlər yarandı, transfer alınmadı”.

 


Digər xəbərlər

Xəbər xətti