“Azərbaycan himninin bir hissəsini öyrənməyə çalışacağam”.
Azərbaycanın futbol yığmasının baş məşqçisi Robert Prosineçki “Sual zərbələri” rubrikasında azarkeşlərin 10 sualına cavab verib.
Sportarena.az xəbər verir ki, suallar AFFA-nın “Facebook” sosial şəbəkəsindəki səhifəsində verilib.
“Azərbaycan yığmasının yeni nailiyyətlər əldə etməsi üçün əlimdən gələni edəcəyəm, - deyə, Prosineçki deyir. – Bunun üçün potensial var. Ölkədə futbolçular var. Mən top-səviyyəyə çıxacağımızı demirəm, amma çalışacağıq. Əsas vəzifə yaxşı futbol göstərib yüksək nəticəyə nail olmaqdır.
İndiyədək yığma ilə bir yerdə toplaşmamışıq. Lakin onsuz da Rəşad Sadıqovu lider hesab edirəm. O, indiyədək millinin kapitanı olub və komandada 94 matç keçirib. O, komandanın oyununu idarə edə bilir, yoldaşlarını arxası ilə aparır. Düşünürəm ki, Rəşad kapitan olaraq qalacaq.
0:6 hesablı məğlubiyyətə görə Xorvatiya yığmasından qisas ala biləcəyik? Futbolda böyük hesablı məğlubiyyətlər olur. Biz Xorvatiya yığmasının güclü olduğunu bilirik. O, dünyanın ən yaxşı yığmalarının sırasına daxildir. Həmin məğlubiyyətə görə qisas alacağımızı bilməsəm də, Bakıda xorvatlar üçün çətin olacağını söyləyə bilərəm.
Azərbaycan klublarındakı işdən razıyam? Bəzi klublarda iş yüksək səviyyədə qurulub, nəticə var. Məsələn, “Qarabağ” Avropa Liqasında özünü yaxşı göstərdi və sübut etdi ki, Azərbaycan klubları layiqli oyun nümayiş etdirə bilərlər. Bu komandada yerli futbolçular və legionerlərin yaxşı vəhdəti var. Həminçinin “Neftçi” və “İnter”in oyununu qeyd edə bilərəm.
Bu komandalardan hansını Azərbaycanın “Real” və “Barselona”sı adlandırmaq olar? Çətin sualdır (gülür). Lakin mən “Qarabağ”ın adını çəkərdim.
Malta yığmasına qalib gəlmək çox vacibdir. Nə qədər qol vuracağımız prinsipial deyil. Favoritlər – İtaliya və Xorvatiya yığmalarına qarşı oyunlara gəldikdə isə - sürpriz etməyə çalışacağıq. Futbolda gözlənilməz hadisələr olur.
Himni öyrənməyi planlaşdırırammı? Bunu etməyim çətin olacaq. Lakin mən onu dinləyəcəm, və hamısını olmasa da, bir hissəsini öyrənməyə çalışacağam”.