Bildiyiniz kimi, bugünlərdə "Əlincə”nin U-19 komandasının futbolçusu Qara Qarayev "Malaqa”nın düşərgəsində baxışdan keçib.
Sportarena.az xəbər verir ki, fevralın 3-13-ü aralığında İspaniya klubunun məşqlərinə qatılan hücumçu klubunun rəsmi saytına açıqlamasında yoxlanış haqda danışıb.
Qara bildirib ki, məşqçilər onun oyununu bəyənib: "İspaniya klubunun düşərgəsinə baxışa yollanmaq özü sevindirici bir hadisədir. Məşqlərdən çox razı qaldım. Üstəlik, yeni bir futbol mühiti ilə tanış oldum. Məşqçilər də oyunumu bəyəndilər. Yaxın günlərdə bu məsələ haqda daha geniş məlumat veriləcək. İnşallah, "Malaqa"ya transferim alınacağı təqdirdə, "Əlincə”nin yetirməsi kimi ölkəmizi xaricdə layiqincə təmsil etməyə hazıram”.
Qeyd edək ki, az öncə saytımız Qara Qarayevlə birgə İspaniyada olmuş "Əlincə"nin həkimi Samir Zeynalovun fikirlərini təqdim edib. Onu da bildirək ki, hazırda Qaranın yaşı 18-dən az olduğu üçün onun valideynlərinin Pireney yarımadasında işlə təmin olunması yolunda işlər gedir.