"Neftçi"nin vitse-preidenti Elnur Məmmədov "Qəbələ" ilə keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- "Qəbələ" ilə oyun haqqında fikirlərinizi bilirərdiniz...
- Qış fasiləsindən sonra axsamalar oldu. Ancaq "Xəzər Lənkəran"la oyundan sonra komanda toparlandı. Bu gün də bunun şahidi olduq. Artıq 2 oyundur ki, qələbə qazanırıq. Ümid edirəm ki, bu qələbələrin ardı gələcək. Qarşıda daha çətin oyunlarımız var. Demək olar ki, çempionatda zəif komanda yoxdur. Hər bir komandadan istənilən sürprizi gözləmək olar. Güclü komanda üçün turnir cədvəlində ondan geridə olan rəqiblə oyuna köklənmək çətindir. Bunların hamısını nəzərə almaq lazımdır. İnanırıq ki, bu sürətlə də davam edəcəyik. Komanda çox əzmkarlıq göstərir. İlk hissədə qol buraxmağımıza baxmayaraq toparlandıq və qələbə qazandıq.
- "Neftçi" çempionluğa oynayır. "Qarabağ" da çempionluğa iddialıdır və arada xal fərqi var. Fikrinizcə, bu xal fərqini mövsüm sonunadək aradan qaldırmaq mümkün olacaq?
- "Neftçi" kimi komandalar hər oyuna qələbə üçün çıxır. Hər bir komandanın iddiası var. "Qarabağ" bu gün "Simurq"a qalib gəldi. Ancaq arada 10 xal fərq var. Biz bu fərqi azaltmağa çalışacağıq. Qarşıda AZAL-la təxirə salınmış oyunumuz var. Əsas məsələ isə ayın 19-da "Qarabağ"la keçiriləcək oyundur.
- Fasilədə paltardəyişmə otağına girib futbolçulara nəsə dediniz?
- Bu bir az təxribat xarakterli sual oldu. Bu komandadır. Komanda deyəndə, yalnız meydanda olan 11 nəfər oyunçu nəzərdə tutulmur. Klubun hər bir işçisi bura daxildir. Əsas məsələ ondadır ki, komanda paltardəyişmə otağında toparlandı və ikinci hissədə öz oyununu göstərdi.
- Araz Abdullayevdən sonra Ernest Nfor da əvəzedci heyətə göndərildi və yenidən geri qayıtdı. Bu bir az qeyri-ciddi yanaşmadır. Nəzərə alaq ki hazırda "Neftçi" o qədər də yaxşı təsir bağışlamır. Bugünkü görüşdə də "Neftçi" güclü oynamadı, sadəcə "Qəbələ" zəif çıxış etdi.. "Neftçi" nəyə güvənərək belə addım atır?
- Bizim komandada çoxlu gənc oyunçular yetişir. Bu gün hər hansı oyunçunun əzmkarlığı olmadıqda, intizamı pozduqda media bunu şişirtməyə başlayır. Sadəcə insan əzmkarlıq göstərmirsə, təbii bu onun vəzifə borcudur. O zaman ona cəza tətbiq olunmalıdır. Ən yaxşı variant isə onun əvəzedici heyətə göndərilməsidir. Həm formada qalır, həm də oynayır, üzərində çalışır. Nfor əvəzedici heyətdə yaxşı oynadı və qol da vurdu. Yenidən baş məşqçiylə danışdı və hazır olduğunu bildirdi. Bu da ümumi qəbul olunmuş bir metoddu.
- Oyundan əvvəl "Neftçi" məğlub olacağı təqdirdə Arif Əsədov istefaya gedəcəyi deyilirdi...
- "Neftçi" elə bir komandadır ki, ona qarşı ictimaiyyət tərəfindən daima təzyiq olur. Axsama olanda da müəyyən mülahizələr söylənilir. Bu proseslər həmişə oyunlardan əvvəl baş verir. Bu da məşqçi korpusuna olan təzyiqdir. Belə məsələlərdə biz həmişə komandanın yanındayıq.
- Etiraf edək ki, siz "Neftçi"yə gəldikdən sonra bu cür məsələlər ictimaiyyət tərəfindən daha çox qabardılır...
- Belə xəbərlər çox olur. Ancaq gördüyünüz kimi, heç bir dəyişiklik yoxdur və hamımız öz yerimizdə işləyirik.
- "Neftçi" Azərbaycanın ən köklü klubudur. Azarkeşlər "Neftçi"dən çox şey gözləyir. Onlara nə söz verə bilərsiniz?
- Çox maraqlı sual oldu. Söz vermək məsələsi çox çətindir. O şeyə söz verirəsən ki, birbaşa olaraq səndən asılı olan məsələdir. Oyunla bağlı dedikdə, bu futboldur və burada zəmanət yoxdur. Amma "Neftçi" olaraq söz verə bilərik ki, uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Azarkeşlərin "Neftçi"yə dəstək olmamasının səbəbi nədir? Yəni son dövrlərdə azarkeşlər "Neftçi"dən soyuyur...
- "Xəzər Lənkəran"la oyunda azarkeşlərin sayı artmışdı. Bu gün azarkeşin sayının azalması bütün futbolda müşahidə olunur. Səbəbləri çoxdur və bununla bağlı müəyyən işlər görürük. Bu da tədricən öz effektini göstərir. Planlarımız çoxdur. Biz hər bir təklifə açığıq. Ötən dəfə də jurnalistlər üçün şəraitin yaradılması məsələsini müzakirə etdik. İstəyirik mətbuatla belə bir mövzunu müzakirə edək ki, onlar ailəsini stadiona gətirmək istəyəndə, ayrıca yerlər ayrılsın.
- Zaqatalada "Simurq"la oyundan sonra Elnur Əşrəfoğlu ilə Xaqani Məmmədov arasında yaşanan mübahisədə siz ona qarşı çıxmışdınız və bundan sonra Əşrəfoğlu arxa plana keçdi. Bu qərarı siz vermisiniz?
- Mən sizin bütün suallara cavab verdim və ixtiyarım var ki, bu suala cavab verməyim (gülür)