Dünən “Qəbələ” ilə oyundan qalib ayrılan “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov oyun bitdikdən sonra jurnalistlərin suallarını cavablandırsa da, jurnalistlərdən birinin "Zaqatalada "Simurq"la oyundan sonra Elnur Əşərfoğlu ilə Xaqani Məmmədov arasında yaşanan mübahisədə siz ona qarşı çıxmışdınız və bundan sonra Əşrəfoğlu arxa plana keçdi. Bu qərarı siz vermisiniz?" – sualını cavabsız qoymuşdu.
Bu sual cavabsız qaldığına görə, “Neftçi” klubunda prezident müşaviri kimi çalışan Elnur Əşrəfoğluna müraciət etdik. Əşrəfoğlu saytımıza açıqlamasında bunları dedi:
“Mən "Neftçi" klubunda prezidentin müşaviri vəzifəsini icra edirəm. Yəni, mənə hər hansı qadağanı klub prezidenti verə bilər. Kimsə danışmamaqla, susmaqla ictimaiyyətədə yanlış fikir formalaşdırmasın. Bu gün Elnur Əşrəfoğlu da "Neftçi" ailəsinin bir üzvüdür və ailədən biri ilə hər hansı sual və ya məsələ ortaya çıxarsa, çalışmaq lazımdır onu yaxşılığa doğru həll edəsən. Şəxsən mənə belə öyrədiblər. Mən müstəqil Azərbaycanın ilk futbol çempionatı keçiriləndən bu işin içindəyəm. Heç vaxt da arxa planda olmamışam. Rövnəq Abdullayevə və doğma klubuma sədaqətlə qulluq edirəm. Həmişə də belə olacaq! Biz, "Neftçi" məğlub olanda gizlənmirik, sözümüzü deyirik və komandanı hər zaman müdafiə edirik. Qələbələrin şəriki çox olur (gülür)”