"Yuventus" və İtaliya millisinin təcrübəli futbolçusu Andrea Pirlo karyerasını başa vurmaq barədə düşünmədiyini bildirib.
Sportarena.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi qarşıdakı Avropa çempionatında da "Skuadra azzura"ya kömək etmək istədiyini söyləyib.
"Oynamaq üçün hələ gücüm var. Qarşıda karyeramın bir neçə ili qalır. Futbolu 15 yaşımdakı kimi indi də çox sevirəm. Bir gün yuxudan oyansam və bu sevgini görməsəm, futboldan gedəcəm. Amma həmin an hələ uzaqdadır. Antonio Konte məni çağırdı və soruşdu ki, İtaliya millisinə AVRO-2016-da kömək edə bilərəm? O, məni inandırdı. 2006-cı ildə bizim təkrarolunmaz futbolçu nəslimiz vardı. Həmin il qazanılan dünya kuboku əməyimizin nəticəsi idi. Həmin mundialın yarımfinalında Almaniyaya qarşı keçirdiyimiz oyunda əlavə 30 dəqiqə İtaliya futbolu üçün ən gözəl anlar idi. Dortmunda baş tutan görüşdə meydan sahiblərini 70 min alman azarkeş dəstəkləyirdi. Əlavə vaxtın sonlarında vurulan 2 qol bizə inanılmaz sevinc gətirmişdi. AVRO-2012-nin finalını isə xatırlamaq istəmirəm. Biz yorğun olsaq da, bu, bəraət deyil. İspaniya tufan kimi kükrədi və titulu qazandılar”.