Pirlodan şok etiraf: Ürəyində saxladığı sirrini açdı

19:25 17 Fevral 2015

2005-ci ilin mayında futbol dünyası tarixə düşəcək dramatik matça şahidlik etdi. Mayın 25-də İstanbulda Çempionlar Liqasının final qarşılaşması keçirilirdi. İlk hissədən sonra “Milan” 3:0 öndə idi. Fasilədən sonra “Liverpul” möcüzəni gerçəkləşdirdi. Final fiti səslənəndə isə tabloda “3”-lər cütləşmişdi. Heç kim heyrətini boğa bilmirdi. Sonda titul ingilislərə qismət oldu. İtalyanlar heç cür şokdan ayıla bilmədi.

 

Sportarena.az xəbər verir ki, həmin gecəni unuda bilməyənlərdən biri də Andrea Pirlodur. “Mayestro” bugünlərdə etiraf edib ki, həmin dəhşətli məğlubiyyətdən sonra karyerasını bitirmək istəyirmiş... 26 yaşında...

 

Pirlo İstanbul fiaskosunu belə xatırlayır: “Həmin gecə bildim ki, bəxtin üzü dönük olur. Təkcə “Liverpul” 3 qol vurmadı, həm də Dudek Şevçenkonun öldürücü zərbələrini gözüyumulu dəf edirdi. O oyundan sonra karyeramı bitirmək barədə ciddi fikirləşmişdim. Xoşbəxtlikdən iki il sonra tale bizdən aldığını bizə qaytardı. Bu üzdən ÇL-də ikinci qələbəmin qəlbimdə xüsusi yeri var”.

 

Artıq illər ötüb, Pirlo bir neçə aydan sonra 36 yaşını qeyd edəcək. Amma 10 il əvvəl düşündükləri indi ağlına da gəlmir. “Yuventus”un və İtaliya millisinin döyünən ürəyi butslarını soyunmaq haqda düşünmür:

 

“2005-ci ildə olanları unutmuşam. İndi karyeramı bitirmək ağlımın ucundan belə keçmir. Hələ oynamaq istəyirəm. 15 yaşımda olduğu kimi futbolu sevirəm. DÇ-2014-dən sonra milliylə vidalaşmışdım. Amma Kontenin bir sualı məni geri qaytardı: AÇ-2016-da vətəninə kömək etmək istəmirsən?”

 


Digər xəbərlər

Xəbər xətti