"Açığı, oyunun ağır keçəcəyini bilirdik. Birinci hissədə biz qol vurmağımıza baxmayaraq, sönük oynadıq. İkinci hissədə isə imkanlarımız oldu. Məni yandıran odur ki, hesabda öndə olduğumuz oyunlarda sonradan qol buraxıb, xallar itiririk".
Sportarena.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 23-cü turunda bərabərə qaldıqları "İnter"lə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis komandasının heyətində müəyyən problemlər olduğunu bildirib: "Heyətdə müəyyən problemlər var. Rəşad Abdullayev xəstə idi, Novruz Məmmədov cəzalı duruma düşmüşdü. Buna görə də müəyyən dəyişiklik etməli oldum. Qarşıda bizi “Neftçi” ilə çətin oyun gözləyir. Həmin matça hazırlaşmalıyıq. Oyundan sonra müəyyən insident oldu. Amma orada da yekunlaşdı. Bir dəfə “Neftçi”də çıxış etdiyim vaxtlarda səfər matçında idik. Çox sayda azarkeş bizə hücum çəkdi. Çətinliklə paltardəyişmə otağına getdik. İndi isə belə hallar yoxdur”.