Tahir Gözəl: "UEFA bizə deyir ki..."

16:56 20 Fevral 2015

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl "Neftçi" ilə oyunun (0:1) fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, əsas müzakirə mövzusu UEFA-nın son qərarı olub.

 

 

- Öncə UEFA-nın son qərarı ilə bağlı münasibətinizi öyrənmək istərdik...

- Bizim istəyimiz bunun qayda pozuntusu kimi hallanması və oyunun bizə verilməsi idi. Təəssüflər olsun ki, onlar bu istəyimizə heç baxmadılar, rədd etdilər və səbəbini də yazmadılar. Amma biz yenidən müraciət edincə, onlar bunu özlərində qeyd etdilər. Mənim üçün sevindiricidi ki, futbol tarixində hakimin bir səhvi kimi qeydə alındı, "Qarabağ"ın zəfəri kimi yazıldı. Bu, xoş xəbərdi. Ancaq qayda pozuntusu verməmələri yenə üzücü və narahatedicidi. Açıq-aşkar səhv idi. O zaman hakim xətası kimi sayıla bilər ki, o, doğrudan da epizodu görməsin. Hesab edirik ki, qərar bizi tam qane etməsə də, nəyəsə nail olduq. UEFA bizə deyir ki, siz düz deyirsiz, ancaq artıq gecdi. Bir yerdə haqqımızı versələr də, istəyimizə tam nail ola bilmədik. Bir tərəfimiz sevinir, digər tərəfdən isə haqqımızın pozulduğunu düşünürük. FİFA-ya şikayət edə bilərik. Ancaq UEFA ilə münasibətimizi o səviyyəyə çəkmək istəmirik. Burda dayanacağıq.

 

- İstəyinizə çatdınızmı?

- İstəyimiz tam başqa idi. Yenə deyirəm, biz qayda pozuntusunun qeydə alınmasını və oyunun bizə verilməsini istəyirdik. Amma hakimin səhvinin olduğunu demələri, onun cəzalandırılması müsbət haldı. Cənab prezident İlham Əliyev də hakimin cəzalandırılmalı olduğunu demişdi. Hamımız ürəyimizdə bunu istəyirdik. Mən də çıxışlarımda bunu bəyan etmişdim. Müəyyən mənada, istəyimizə nail olduq. Hakimi cəzalandırmaları o deməkdi ki, "Qarabağ" "İnter"i 1:0 hesabı ilə məğlub etdi.

 

- Bu məsələnin siyasi tərəfi də var. "Qarabağ"ın yenə əzildiyini demək olarmı?

- İnsan öz-özünə deyir ki, bu cür açıq-aşkar səhvi necə görməmək olar? Buna görə də, qərar məni tam qane etmir. Bariz qolun verilməməsi sual doğurur. Belə hallar olmamalıdı. "Qarabağ"ın haqqının pozulduğunu deyənlərlə razıyam.

 

- "Qarabağ"ın mərhələ keçməməyi klubu daha çox tanıtdırdı. Haqsızlığa uğraması bir növ "Qarabağ"ın xeyrinə olmadımı?

- Bəli, elə oldu. Dünyada "Qarabağ"ın adının hallanması, bu oyundakı hadisələr tarixdə qalacaq. Hər kəs bizi dəstəklədi. Rusiya, Ukrayna, Türkiyə, hətta İtaliyanın özü bizə dəstək oldu. Ermənistanın özündə də Azərbaycanın "Qarabağ" klubunun haqsızlığa uğradığını dedilər. Arzum o idi ki, "Qarabağ" Avropa Liqasındakı çıxışını davam etdirsin və biz tarixi nəticəyə imza ataq. Deyək ki, biz Azərbaycan futbolu tarixində ilk dəfə o mərhələyə çatdıq. Oyunumuzla da buna layiq idik. Haqsızlığa uğrasaq da, şəxsən mənim gördüyüm məhəbbət, insanların diqqəti, cənab prezidentin bizə qayğısı xoş oldu. Hamımız birləşdik. "Qarabağ" yenə bacardı, mənəvi cəhətdən hamı bir oldu. Hədəfimiz "Qarabağ"ı tanıtdırmaq idi ki, buna da nail olduq.

 

- UEFA nümayəndələri ilə bir neçə dəfə görüşdünüz. Növbəti mövsümlərdə "Qarabağ"a qarşı məsuliyyətli olacaqları ilə bağlı sizə söz verdilərmi?

- Görüşdük. Birinci qərarlarını qəbul etmədik, sona qədər getdik. Etirazlarımızı bildirdik. Mən Avropaya gedəndə, ordakı nümayəndələrlə görüşəndə onlar çox maraqlı məqama diqqətimi çəkdilər. Dedilər ki, UEFA üçün hakimlik məsələsinin peşəkarlığı çox vacibdi. Bu məsələdə UEFA çox diqqətlidi. Bu, onlar üçün də sarsıntı oldu. Əgər UEFA-nın əsl hədəfi ədalətli oyunlar keçirməkdisə, daha diqqətli olacaqlar. Çünki onlar üçün bu, bir fiasko idi. Onlar da gördülər ki, biz haqqımızdan keçən deyilik. "Qarabağ"a qarşı edilmiş haqsızlıq UEFA-da da boşluqların olduğunu sübut etdi.

 

- "Neftçi" rəhbərliyi "Qarabağ"la matçdan öncə hakimliklə bağlı narazılığını bildirdi. Hakimin qərəzli olmasından şübhələnirdilər, ya necə?

- "Qarabağ"ın bu məsələdə mövqeyi belə oldu: əgər siz hakimliyə etiraz edirsizsə, bizim üçün problem yoxdu, hakimi dəyişdirə bilərik.

 

- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov sizin bu müraciətinizi bir növ publikaya oynamaq kimi dəyərləndirdi. Etirazınız varmı ona?

- Şəxsi fikridi. Bizim mövqeyimiz belədi ki, rəqib etiraz edirsə, biz hakimin dəyişdirilməsinə etiraz etmirik. Əslində, çox sadə yanaşma idi. Biz özümüzə arxayınıq.

 

- Azarkeşlər daha güclü "Qarabağ" görmək istəyirlər. Ancaq qış fasiləsində yeni transferlər olmadı...

- Transfer olmaması tamamilə Qurban Qurbanovun siyasətidi. Biz dedik ki, əgər arzunuz oyunçu almaqdısa, biz bunu klub olaraq dəstəkləyəcəyik. Qurban hoca iki futbolçuya baxdı, amma razılaşa bilmədilər. Bu, tamamilə texniki məsələdi. Biz heç vaxt məşqçilərə etiraz, onların peşəkar gedişlərinə isə müdaxilə etmirik. Bizim işimiz komandada ruh yüksəkliyi yaratmaq, məşqçilər korpusunun istəyini cavablandırmaqdı. Qurban Qurbanovdan elə bir istək gəlməyib. Gəlsəydi, müsbət cavab verərdik. Mən də ona dedim ki, bir-iki oyunçu alsaydıq, daha yaxşı olardı. Dedi ki, istədiyim oyunçunu tapa bilmədim.

 


Digər xəbərlər

Xəbər xətti