“Dünən keçirilən oyunda “Qarabağ”ın təmiz qolu hesaba alınmadı. Amma, “Neftçi”nin də hakimin köməyinə, hakimin səhvinə ehtiyacı yoxdur”.
Bu sözləri Sportarena.az saytına açıqlamasında “Neftçi” klubunun prezident müşaviri Elnur Əşrəfoğlu deyib. Əşrəfoğlu, açıqlamasında dünən Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” oyununun hakimlərindən narazı qalmadığını vurğulayıb:
“Hakimnən bağlı bizim ümumiyyətlə narazılığımız olmayıb. Bizim oyundan öncə səsləndirdiyimiz fikirlər düzgün qəbul olunmamışdı. Biz hakimin dəyişdirilməsini yox, vicadanla oyun idarə etməsini istəmişdik. Oyun normal idarə olundu. Etirazımız yoxdur. Dünən keçirilən oyunda “Qarabağ”ın təmiz qolu hesaba alınmadı. Amma, “Neftçi”nin də hakimin köməyinə, hakimin səhvinə ehtiyacı yoxdur”.
Əşrəfoğlu, “Neftçi” fanatlarının klublarının son çıxışlarından narazı qalmasına münasibət bildirib:
“Çempion bir komanda olur. “Neftçi” ardıcıl 3 dəfə çempion olmuş komandadır. “Qarabağ” bizdən 13 xal irəlidədir və çempionluq yolunda böyük addım atıb. Amma, “Neftçi” sona qədər mübarizəsini aparacaq. Hansısa məğlubiyyətizə heç bir bəhanə gətirmirik. İki il əvvəl Avropa Liqasında “Neftçi” “Partizan”la heç-heçə edəndən sonra çempionatda “Rəvan”a məğlub oldu (Əslində “Sumqayıt”a uduzmuşdu). Həmən məğlubiyyətdən sonra azarkeşlər Böyükağa Hacıyevi istefaya səslədilər. “Neftçi” Avropa Liqasının qrupunda oynayıb, çempion olub, kuboka sahib olub, amma, bir oyunda məğlubiyyətə görə istefa qışqırırlar. Bu onların öz fikridir. Azarkeşlər orada nə qışqırır, nə deyir, nə istəyirsə bilmirəm. Bu haqda fikir bildirə bilmərəm. Bu onların özlərinin sərbəst fikirləridir”. – deyə Əşrəfoğlu bildirib.
Rahim Şaliyev