Türkiyədə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov qardaş ölkədə İsveçrənin "Benfika" klubuna qarşı yoxlama oyunundan sonra fikirlərini açıqlayıb.
Sportarena.az saytına açıqlamasında o, 9:0 hesablı qələbə ilə bağlı öncə bunları söyləyib:
"Oyun tamamilə məşq xarakteri daşıyırdı. Razı qaldığımı deməzdim. Çünki rəqib həddən artıq zəif idi. Onların bu dərəcədə zəif olduğunu bilsəydik, heç oynamazdıq. Qarşıda bizi Belarusla oyun gözləyir. Məhz həmin oyunda öz güclü və zəif cəhətlərimizi görəcəyik".
Həsənov Türkiyənin "Beşiktaş" klubundan dəvət olunan iki futbolçunun düşərgəyə qoşula bilməməsinə də aydınlıq gətirib: "Onlar Antalyaya İstanbuldakı hava şəraitinin pis olması səbəbindən gələ bilməyiblər. Buna görə də qərara gəldik ki, iki günə görə onları çağırmayaq".