"Xəzər Lənkəran" klubunun və milli komandanın futbolçusu Ağabala Ramazanovun apasport.az saytına müsahibə verib.
Sportarena.az sizə həmin müsahibəni təqdim edir:
- Yığmanın yeni baş məşqçisi Robert Prosineçkinin ilk toplanışında siz də iştirak edirsiz. Dəvəti gözləyirdizmi?
- Bəli, gözləyirdim. Hardasa bilirdim ki, çağıracaq. Çünki Azərbaycana birinci dəfə gələndə "Bakı" ilə çempionat oyunumuza baxmışdı. Həmin vaxt Rəşad Sadiqov da "Xəzər Lənkəran"da idi. Çıxanda ikimizi soruşmuşdu, oynayıb-oynamamağımızla maraqlanmışdı. Bilirdim ki, diqqət mərkəzindəyəm və çalışırdım ki, üzərimdə daha çox işləyim. Daha çox məsuliyyət hiss edirdim. Məşqlərdə və oyunlarda bütün gücümü meydanda qoyurdum.
- Qarşıdan "Şaxtyor"la yoxlama oyunu gəlir. Prosineçkinin etimadını doğrultmaq mənasında, bu oyun futbolçular üçün böyük önəm kəsb edir...
- Əlbəttə ki. Bura özümüzü yaxşı tərəfdən göstərib, baş məşqçinin diqqətini cəlb etmək üçün gəlmişik. Heyətdə çoxdan millidə oynayanlar da var. Onlar üçün də, bizim üçün də "Şaxtyor"la görüş vacibdi. Çünki Prosineçkinin ilk oyunda kimlərə şans verəcəyi bilinmir. Kim heyətdə yer alacaqsa, o da diqqət cəlb etməyə çalışacaq. Odu ki, hamı üçün vəziyyət eynidi.
- "Neftçi"nin futbolçularının, həmçinin legioner həyatı yaşayan oyunçuların bu toplanışa qatılmaması sizin üçün əlavə şans deyilmi? Hər halda, onların yoxluğunda özünüzü daha yaxşı tərəfdən göstərə bilərsiz...
- Onlar da olsaydı, mənim üçün fərqi yox idi. İnşallah, müqavimətimi göstərib, hamı ilə başabaş rəqabət aparacam. "Neftçi"dən və ya digər komandalardan kimlərin gəlib-gəlmədiyi önəmli deyil. Əgər çağırılmışamsa, hər şeyə hazır olmalıyam. Mən milliyə elə-belə, vaxt keçirməyə gəlməmişəm. Niyyətim yığmadakı yerimi möhkəmləndirməkdi. Hər şey özümdən asılıdı.
- Prosineçki hər dəfə açıqlamasında hücum futbolu oynadacağını söyləyir. Hücumçu olduğunuzu nəzərə alsaq, onun bu fikrini dəstəklədiyinizi söyləmək olar. Elə deyilmi?
- Təbii ki. Hücumameyilli futbolçular üçün topsuz oynamaq çətindi. Ancaq topun dalınca qaçmaq asan deyil. Amma hücumameyilli oynasaq, bu, hücumçulara sərf edər. Onda işimiz daha rahat olar.
- AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində gələn ay Malta ilə qarşılaşacağıq. Bu oyundan nə gözləyirsiz?
- Bu seçmə mərhələdə qələbə və xalımız yoxdu. İnşallah, Malta ilə oyunda qələbə gələr. Hazırkı toplanış ərzində özümü elə göstərməliyəm ki, Prosineçki gələn ay da məni yığmaya çağırsın. Malta ilə matça əsas heyətdə çıxmaq istəyirəm. Bu istəyimin həyata keçəcəyinə inanıram.