Emil Balayev: "Ayntraxt" AFFA-nın qarşısında şərt irəli sürdü - MÜSAHİBƏ

22:29 22 Fevral 2015

Almaniyanın "Ayntraxt" klubunun və Azərbaycan yığmasının qapıçısı Emil Balayevin apasport.az saytına müsahibə verib.

 

 

Sportarena.az sizə həmin müsahibəni təqdim edir:

 

- Hava şəraiti ilə əlaqədar olaraq, millinin düşərgəsinə gec qoşuldun. Bununla bağlı nə deyə bilərsiz?

 

- Düzdü, bir az yorğunluq var idi. Aeroportda demək olar ki, 1 gün qaldım. Amma komandaya qoşulub, bir məşq keçəndən sonra yorğunluq keçdi. Təlim-məşq toplanışı yaxşı davam edir. Hər şey qaydasındadı. Haı-hazırda toplanışda Andrey Popoviçlə mən iştirak edirik. Kimin qapıda duracağına məşqçilər korpusu qərar verəcək.

 

- Robert Prosineçkinin ilk toplanışıdı. Xorvatiyalı məşqçi ilə bağlı da fikirlərini bilmək istərdik...

 

- Bildiyiniz kimi, Prosineçki yaxşı mütəxəssislərdən biri sayılır. Gördüyüm qədərilə komandada əhval-ruhiyyə də əladı. Prosineçki yaxşı məşqlər keçir. İnanıram ki, gələcəkdə onun rəhbərliyi altında uğur qazana biləcəyik.

 

- Alman dilini öyrənməyə başlamısızmı?

 

-Fevralın əvvəlindən alman dərsləri başlayıb. Sadəcə, hələ cəmi 1 dəfə dərsə getmişəm. Həftədə ya 1, ya da 2 dəfə dərslər olur. Deməzdim ki, alman dilini artıq bilirəm. İngilis dilini bildiyimdən, hələlik "Ayntraxt"da bu dildə ünsiyyət qururam. İnşallah, alman dilini də öyrənəcəm.

 

-Almaniyadakı qapıçı məşqləri ilə millidəki məşqlər arasında nə kimi fərqlər var?

 

- Millidə də yaxşı məşqlər keçilir. Faiq Əzizov da güclü məşqçidi. Onun məşqləri alman məşqçilərin hazırlıq prosesindən böyük ölçüdə seçilmir. Millinin məşqləri də yüksək tempdə keçir.

 

- Millidə qapıçılar arasında böyük rəqabət var. "Ayntraxt"da oyun praktikasından əziyyət çəkməyiniz yığmadakı karyeranıza mənfi təsir edə bilərmi?

 

- Futbolçunun işi məşqdə özünü hərtərəfli göstərməkdi. Mən həm "Ayntraxt"da, həm də yığmada bunun üçün çalışıram. Son qərarı isə baş məşqçi verir. Əlimdən gələni edəcəm ki, hər iki komandada əsas qapıçı olum.

 

- Qapıçı üçün oyun praktikası böyük rol oynayır. Yəqin bununla razılaşarsız...

 

- Razıyam. Biz sadəcə olaraq, öz işimizi görməliyik. Nə bacarırıqsa, hamısını məşqlərdə göstərməliyik.

 

- Ehtimal varmı ki, "Ayntraxt"ın əsas qapıçısına çevriləsiz?

 

- Orda şərait elədi ki, 2 qapıçı ilə - Kevin Trapp və Feliks Vidvaldla rəqabət aparıram. Hər ikisinin 25 yaşı var. Vilvaldın yayda komandanı tərk edəcəyi gözlənilir. Trapp isə 2019-cu ilə qədər müqaviləsinin müddətini artırıb. Ola bilsin, komandada ikimiz qalaq. Mən də məşqlərimi edirəm. Çalışıb, əlimdən gələni edəcəm ki, əsas heyətə düşüm.

 

- "Ayntraxt"ın məşqləri korpusunun sizə inamı varmı?

 

- Bəli, var. Mənə orda gənc oyunçu kimik böyük ümidlə baxırlar. 20 yaşım var. Məndən çox şey gözləyirlər, etimad göstərirlər. Mən də həmin etimadı doğrultmalıyam.

 

- Bu toplanış FİFA-nın "pəncərəsi"nə düşmədiyindən, legioner həyatı yaşayan digər futbolçular milliyə qoşulmadılar. Siz bu sarıdan klubunuzla problem yaşamadız ki?

 

- Xeyr. Sadəcə belə şərt irəli sürdülər ki, əgər ikinci qapıçı zədələnsə, mən dərhal "Ayntraxt"ın düşərgəsinə qayıtmalı olacam. Bu barədə AFFA-ya məlumat verdilər. Toplanış FİFA-nın "pəncərəsi"nə düşmədiyi üçün bu cür şərt irəli sürdülər.

 

 


Digər xəbərlər

Xəbər xətti