Prosineçki "Neftçi"ni qınadı: "Ruslan nəyə görə "Neftçi"nin əsas heyətində daim oynamırdı?"

13:38 23 Fevral 2015

“Ruslan Qurbanov başqa cür futbolçudu. Sürətlidi, texnikası var”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

 

Yığmamızın çalışdırıcısı yenicə Xorvatiya “Hayduk”una transfer edilən Ruslan Qurbanovu oynatmayan “Neftçi” klubuna da üstüörtülü söz atıb: “Mənim bu sözümü tənqid kimi qəbul etməsinlər. Amma başa düşmürdüm ki, Ruslan nəyə görə "Neftçi"nin əsas heyətində daim oynamırdı? Azərbaycan futbolunda əsas problem odu ki, yerli futbolçu topu ayağında görmək istəyir, amma onu almaq üçün boş zonaya açılmır. Topla olan futbolçu oynayır, topsuz futbolçu isə yox. Mən də bunu dəyişdirmək istəyirəm. Futbolçu anlamalıdı ki, topsuz olanda boş zonaya açılmalıdı. Ruslan Qurbanovun fərqi odu ki, topsuz olanda da boş mövqeyə açılır. Ümid edirəm ki, Qurbanov "Hayduk"da oynayacaq. Bu, millinin üzvləri üçün də rəqabət olar”.

 

Prosineçkinin fikrincə, futbolçularımız xarici çempionatlarda iştirak etmək iqtidarındadılar: “Konkret ad çəkmək istəmirəm. Amma yaxşı çempionatlarda oynaya biləcək azərbaycanlı futbolçular var”.

 

Təcrübəli mütəxəssis komandaya aşılamaq istədiyi oyun fəlsəfəsi ilə bağlı da danışıb: “Azərbaycan futbolçularının oyun fəlsəfəsini dəyişmək prosesi artıq başlayıb. Mənə nə qədər vaxt lazım olduğunu konkret deyə bilmərəm. Hər şey Malta ilə oyundan başlamalıdı. Həmin görüşə özünə inanan futbolçular çıxacaq. Futbolçu nəticəyə hesablanan idman növüdü. Əgər biz Maltaya qalib gəlsək, bu proses daha da sürətlənəcək”.

 

Prosineçki sonda Coşqun Diniyevin oyun üslubunu çox bəyəndiyini də vurğulayıb: “Şahin Diniyevi tanıyıram. Amma mən Coşqunu milliyə atasının Məşqçilər Komitəsində yer aldığına görə çağırmamışam. Coşqun istedadlı futbolçudu. O tipdə oyunçuları çox sevirəm, mənim taktikama yaxındı. Bunları nəzərə alaraq, Coşqunu milliyə dəvət etmişəm. Sabah ilk şansı əldə edəcək ki, ondan istifadə etməlidi”.

 


Digər xəbərlər

Xəbər xətti