"Mənim rəhbərliyim altında ilk oyunda qələbə qazandıq. Bu, yaxşı haldı. Oyuna gəldikdə, uşaqlar çalışdılar, əllərindən gələni etdilər".
Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.
Antalyada təlim-məşq toplanışı keçən U-21 bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Qazaxıstanın "Atırau" klubu ilə qarşılaşan millimiz 2:1 hesablı qələbə qazanıb. Matçı dəyərləndirən Vahabzadə komandada çatışmazlıqların olduğunu gizlətməyib: "Çatışmazlıqlar var, əsasən də qol epizodlarında. Topu elə sadə vəziyyətdə itiririk ki, öz qapımız qarşısında təhlükə yaranır. İlk yarıda belə epizodlar çox oldu. İkinci hissəyə futbolçular bir qədər arxayın başladılar. Bu da ondan irəli gəldi ki, bəzi futbolçuların fiziki hazırlığı o dərəcədə deyildi. Buna görə dəyişikliklər etdik, oyunun sürətini, tempini saxladıq və nəticədə qələbə qazandıq".
Kənardan futbolçulara tez-tez tapşırıqlar verməsinə də toxunan Vahabzadə Qana ilə keçiriləcək növbəti yoxlama görüşü haqda da fikirlərini bölüşüb: "Mən o epizodlarda futbolçulara irad bildirirəm ki, oyunçunun fikri topda qalır, arxaya qayıtmağı və zonanı bağlamağı unudur. Elə bilir ki, o, öz zonasındadı. Əsasən buna görə irad bildirirdim. Uşaqlar sağ olsunlar ki, məni eşitdilər, verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Əsasən müdafiədə yeni futbolçular var. Onlar bir-birləri ilə az oynayıblar. Qana ilə matça gəlincə, bizim üçün bütün oyunlar ciddi sınaqdı. Çalışacağıq ki, hər matçda əzmkarlıq göstərək. Mən futbolçulardan bunu istəyirəm. Onlar ilk görüşdə bunu bacardılar".
Təcrübəli məşqçi əsas millinin düşərgəsində olan U-21 üzvlərinin komandanın növbəti yoxlama oyununda meydana çıxacaqlarını istisna etməyib: "Əsas millinin düşərgəsində olan futbolçularımız ola bilsin ki, "Şaxtyor"la oyunun ertəsi günü bizim Qana ilə görüşümüzdə iştirak etsinlər. Təbii ki, zədə ilə bağlı problem yaşamasalar. Qana ilə matçda dəyişikliklər olacaq. Coşqun Diniyev, Elvin Camalov, Namiq Ələsgərov kimi futbolçular gəlsələr, heyətdə müəyyən dəyişikliklər edəcəyik".