Antalyada təlim-məşq toplantısında olan futbol üzrə Azərbaycan yığması bu gün yoxlama matçında qüvvəsini sınayacaq.
Sportaren.az xəbər verir ki, komandamız ilin ilk oyununda Ukrayna təmsilçisi, 2009-cu ildə UEFA kubokunu qazanmış “Şaxtyor”la qarşılaşacaq.
Qeyri-rəsmi xarakter daşıyan görüş xorvatiyalı mütəxəssis Robert Prosineçkinin millimizdə debütü olacaq.
Meydana 4-1-4-1 taktiki sxemi ilə çıxacaq millimizin artıq start heyəti də məlumdu.
Belə ki, Prosineçki oyundan bir gün öncə keçirdiyi mətbuat konfransında qapını “Sumqayıt”ın qolkiperi Andrey Popoviçə həvalə edəcəyini bildirib.
Müdafiənin mərkəzində Bədavi Hüseynovla (“Qarabağ”), Ruslan Abışov (“Qəbələ”), cinahlarında isə - sağda Məhəmməd Mirzəbəyov, solda Arif Daşdəmirov (“İnter”) yer alacaq.
“Qarabağ”ın orta sahə oyunçusu Qara Qarayev meydana dayaq yarımmüdafiəçisi kimi meydana çıxacaq. Yarımmüdafiənin sağ cinahında “İnter”li Əfran İsmayılov, solunda isə “Qəbələ”li Cavid Hüseynova güvənəcək Prosineçki “Xəzər Lənkəran”ın millidəki təmsilçisi Rahid Əmirquliyevə mərkəz yarımmüdafiəçisi kimi şans verəcək.
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Ələsgərov isə yeganə hücumçunun arxasında yer alacaq. Ön xətdə isə yeganə hücumçu kimi “Sumqayıt”ın əsas qol ümidi olan Məhəmməd Qurbanov çıxış edəcək.
Qeyd edək ki, bu qarşılaşma millimizin AVRO-2016-nın martın 28-də Maltaya qarşı Bakıda keçiriləcək seçmə oyununa hazırlıq xarakteri daşıyır.
Yoldaşlıq oyunu
Azərbaycan – “Şaxtyor” 1:2
Qol: Namiq Ələsgərov, 44; Duqlas Koşta,42; İsmayili, 71