"Ampluamı nəzərə alsaq, əsasən müdafiədə oynayıram. Ancaq irəli gedərək hücuma kömək etməyi xoşlayıram. Ona görə də, Taysonun ötürməsindən sonra Azərbaycan millisinə qol vurdum".
Sportarena.az xəbər verir ki, bu sözləri "Şaxtyor"un müdafiəçisi İsmaili Antalyada millimizlə keçirilən yoxlama matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Braziliyalı futbolçu millimizin onlara problemlər yaratdığını bildirib: "Biz belə kombinasiyalara artıq öyrəşmişik. Ona görə mən bu ötürməni gözləyirdim. Antalyada keçirdiyimiz 4 yoxlama matçındakı bütün rəqiblərimiz güclü idi. Lakin Azərbaycan millisi digər rəqiblərimizlə müqayisədə topu daha yaxşı özündə saxlayır və olduqca aqressiv oynayırdı. Onlar bizə bəzi problemlər yaratdılar. Bununla belə, komandanın fiziki cəhətdən mövsümün ikinci yarısına hazır olduğunu düşünürəm".
Qeyd edək ki, Antalyada "Şaxtyor"la yoxlama matçında qüvvəsini sınayan millimiz rəqibinə 1:2 hesabı ilə uduzub.