AZAL – “Neftçi”: Üç futbolçunun 4 yubileyi

11:25 25 Fevral 2015

“Neftçi”nin futbolçusu Nikolas Kanales Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib.

 

 

Sportarena.az xəbər verir ki, AZAL-la III turdan təxirə salınan qarşılaşma çilili hücumçu üçün yubiley xarakteri daşıyıb. Bu əlamətdar hadisəyə matçın taleyini həll edən qolla töhfə verən Kanales Azərbaycan çempionatlarında 31-ci qolunu vurub. Cari mövsüm AZAL-la keçirilən hər üç oyunda qol vuran hücumçu Premyer Liqadakı orta məhsuldarlığını 0,62-yə çatdırıb. Bu isə ən azı 50 oyun keçirən futbolçular arasında Azərbaycan çempionatları tarixinin 3-cü göstəricisidir.

 

“Neftçi”nin 1:0 hesablı səfər qələbəsi qazandığı görüşdə daha 3 yubiley qeydə alınıb. Start heyətində meydana çıxan digər 2 futbolçu da özü üçün tarixi qarşılaşmada iştirak edib. “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə iki yubileyə eyni vaxtda sevinib. Premyer Liqada 100-cü matçına çıxan arxa xətt oyunçusu bu qarşılaşmaların 31-ni “Simurq”, 69-nu “Neftçi”də keçirib. Elvin həm də “ağ-qaralar”ın heyətində ümumilikdə 100-cü matçına çıxıb. Buna onun 15 kubok və 16 avrokubok görüşündə də iştirak etməsi səbəb olub.

 

Yubiley oyununda sarı vərəqə ilə cəzalanan Yunuszadə kimi AZAL-ın futbolçusu Xuan Fransiskoda əlamətdar qarşılaşmanı xəbərdarlıqla başa vurub. 3 mövsümdə Bakı klubunun formasını geyən ispaniyalı Premyer Liqada 50-ci oyununu keçirib.


Digər xəbərlər

Xəbər xətti