Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula E" kateqoriyalı yarışda istehsalçı statusu alacaq 8 komandanın adını açıqlayıb.
Sportarena.az xəbər verir ki, bunlar Abt Sportsline, Andretti, Mahindra, Motomatica, Nextev TCR, Renault Sport, Venturi Automobiles və Virgin Racing Engineering kollektivləridir.
Məlumat üçün deyək ki, hazırda Formula E-də birincilik uğrunda mübarizə aparan 10 komandanın hər biri yalnız iştirakçı hüququna malikdir və birmənalı olaraq Spark-Renault SRT_01E bolidindən istifadə edir. Lakin yeni mövsümdən yarış açıq çempionat xarakteri daşıyacaq. Bu isə o deməkdir ki, adları çəkilən kollektivlərin hər biri özlərinin hazırladığı güc aqreqatlarından yararlanacaq. Hələlik komandalar McLaren Electronic Systems-in aqreqatlarından istifadə edir.
Lakin FIA iştirakçıların böyük vəsait xərcləməsinə də razı deyil. Odur ki, ilkin olaraq komandalar öz bolidlərində elektromühərriki, sürət qutusunu və soyuducu sistemi dəyişə bilər. Digər parametrləri və aqreqatları dəyişmək isə qadağandır. Bununla belə, növbəti mövsüm kollektivlərə akkumulyator üzərində işləməyə icazə veriləcək.
Formula E-nin təşkilatçısı Alexandro Aqaq bildirib ki, "Formula E" yarışında iştirakçıların sayı hər mövsüm artır: "Bu, gözəl nəticədir. Mübarizənin gərginləşməsi yalnız iştirakçıların deyil, komandaların da texniki imkanlarını artıracaq və bu sahədə yeni-yeni uğurlara səbəb olacaq. Odur ki, növbəti mövsümdə sıralarımıza yeni kollektivlərin qatılmasını gözləyirik”.
FİA prezidenti Jan Todt isə yarışın daha çox maddi tərəfinə toxunub: “Əlbəttə, əsas məqsədimiz Formula E kateqoriyalı yarışın təbliğinə və inkişafına nail olmaq, bu sahədə uğurlara imza atmaqdır. İnanıram ki, tədricən belə də olacaq. Komandalar özlərinin hazırladığı yeni bolidlərlə daha böyük uğurlara imza atmağa çalışacaqlar. Lakin maddi xərcləri də tənzimləmək lazımdır. Bundan əlavə, istehsalçı komandaları müəyyən edərkən biz həmin kollektivlərin bacarığını, imkanlarını nəzərə aldıq. Onların sayının çoxluğu isə Formula E-yə olan marağı, mübarizənin gərginliyini daha da artıracaq”.