Azərbaycanın Xalq artisti və tanınmış müğənnisi Baloğlan Əşrəfovun Sportarena.az saytına müsahibəsi:
“Mersedes”in qabağına “Juqili” ilə çıxmazlar canım”
- Son vaxtlar sizi futbol oyunlarında görə bilmirik...
– Futbol elə idman növüdür ki, insanların əksəriyyəti ona baxanda zövq alır. Hərənin bir zövqü var. Adam olar ki, futboldan yox musiqidən zövq alsın. Amma, mən həm musiqidən, həm də futboldan zövq almışam və futbol azarkeşiyəm.
- Bildiyim qədəri ilə “Xəzər Lənkəran” azarkeşisiz. Klubun oyunlarını izləyə bilirsinizmi?
– Məncə, hər bölgənin insanı öz yerində futbol klubu varsa ona azarkeşlik etməlidir. Amma, hər hansısa klubumuz Azərbaycandan kənarda oynayanda onlara da azarkeşlik edirəm. Necə ki “Qarabağ” Avroliqada oynayarkən onlara da azarkeşlik etdim. Cənub bölkəsinin sakiniyəm, orada doğulmuşam, orada böyümüşəm və mənə doğma olan “Xəzər Lənkərana” bütün oynlarında azarkeşlik edirəm.
- Axrıncı dəfə “Xəzər Lənkəran”ın oyununa nə vaxt getmisiz?
– Ötən ilin sonlarında hansısa oyuna getmişdim. Düzü yadımda qalmayıb hansı komanda ilə oynayırdı. Sonralar komandada bir qədər dəyişikliklər olandan sonra getmədim.
- Komandada gəncləşdirmə oldu. Yəqin bunu nəzərdə tutursuz.
– Güclü oyunçuları göndərirlərsə, onların yerində öz oyunçuları var. Bu uşaqlar da bizim bölgənin öz oğlanlarıdır. Mən bu addımı doğru sayıram və inanıram ki, bu il də olmasa növbəti illərdə həmin uşaqlar nəticə verə biləcəklər. Komandanın özündə də təcrübəli bir-iki futbolçu var. Amma, heyyətin çoxu gəncdir. Bir-iki güclü legioner də gətirsələr daha gözəl olar. Mən bu uşaqları dəstəkliyirəm. Bizim zonanın öz xarakterik xüsusiyyəti var. Bizim azarkeşlər bir qədər səbirsizdi, tez nəticə istəyirlər. Belə vəziyyətdə azarkeşlər də uzaqgörən olmalıdır. Bilməlidirlər ki, bu addımın geci-tezi var. Gözəl tamaşıçılarımız var, çılğındırlar və mən onları bəyənirəm. Bəlkə də, Azərbaycanda ikinci belə azarkeş ordusu yoxdur. Bəzən onların tələbkarlığını da başa düşmək lazımdır, komandalarının qələbəsini istəyirlər. İnşallah belə də olacaq.
- Belə anlaşıldı ki, gənclərin gətirilməsi ilə razısız...
– Mən komandanın rəhbəri deyiləm. Komandanın uzaqgörən rəhbərləri var. Yəqin ki, nə isə bir bildiyləri var ki, bu addımı atıblar. Guya axır vaxtlar xaricdən gətirilən oyunçular komandada nə etdi ki? Demək olar elə həmənki komandadır. Bizim futbolçular nə vaxtsa daha uğurlu oynayacaqlar.
- Millinin oyunlarını izləyə bilirsinizmi? “Şaxtyor”a məğlub oldular.
– Təzə məşqçi gələndən baxa bilməmişəm. Mən bunu demişəm və yenə də deyirəm. Məşqçi dəyişməknən nə isə dəyişməyəcək. Millidə oynayanlar yenə də həmin futbolçulardır. Kimi gətirsələr də əldə olan materialı təkmilləşdirməsələr uğur qazana bilməyəcəklər. Təzə məşqçinin adını da deyə bilmirəm heç. Amma, guya əvvəlki məşqçilər pis idi? Hazırkı məşqçi də gəlib burada özündən Amareika kəşf edə bilməz. Dünyanın hansı məşqçisini gətirsəz də eyni şey olacaq. Lap Qvardiola olsun, Monrinyo olsun, fərqi yoxdur... Azərbaycan futbolunun surəti qalxmasa gələn məşqçilər heç nə edə bilməyəcək. Bizim Nazim Süleymanovumuz var, Qurban Qurbanovumuz var... Onların indiki məşqçidən nəyi pisdi ki? Onların da yaxşı biliyi var. Sadəcə futbolçuların səviyyəsin qaldırmaq lazımdır. Bu yazıq da gəlib işdiyəcək, amma əlində yaxşı oyunçu olmayandan sonra nə edə biləcək? “Mersedes”in qabağına “Juqili” ilə çıxmazlar canım. Yenə də deyirəm ki, Azərbaycan futbolunun sürətini qaldırmaq lazımdır. “Qarabağ” bunu yaxşı bacarır. Amma, o birilər elə yerində sayır. Gələn legionerlər də gəlib elə özümüzkülərin vəziyyətinə düşür. Əgər bir müğənninin səsi yoxdursa, sonradan bu səsi onun harasından çıxardacaqsız? Bax məsələ budur. Təzə məşq üsulları tapmaq lazımdır.
“Bu AFFA-nın günahıdır”
- Bu yaxınlarda Nazim Süleymanovun 50 illik yubileyi ərəfəsində maraqlı hadisə oldu. “Neftçi” – “Xəzər Lənkəran” oyunundan öncə onu təbrik edənlər arasında qonaqlardan heç kim olmadı. Sonradan Lənkəran təmsilçisindən öyrəndik ki, bu haqda onlara heç bir məlumat verilmiyibmiş...
– Nazim mənim yaxın dostumdur. Futbolun belə məsələlərinə mənim qarışmaq ixtiyarım yoxdur. Bu AFFA-nın günahıdır. Bizim komandanın təməl daşını Nazim Süleymanov qoyub və əgər ora “Neftçi” rəsmisini dəvət edib, “Xəzər Lənkəran”dan kimisə çağırmayıblarsa, bu heç də yaxşı hal deyil. İnanın ki, klubun prezidenti Mais bəy belə məsələlərdə çox diqqətlidir. Xəbəri olsaydı, bəlkə də orada Nazim Süleymanova maşın da hədiyyə edərdi. Mənə də çox maraqlıdır ki, hansı səbəbə görə belə hərəkət ediblər. Lənkəranlı azarkeşlərin Nazim Süleymanova hörməti həmişə böyük olub. Bax Azərbaycandakı futbol belə hadisələrə görə inkişaf edə bilmir. Adamı iyrəndirən söhbətlərdir.
- Son dönəmlərdə həm milliyə, həm də klublara çoxlu sayda legionerlər gətirilir. Bunu yaxşı hal kimi qiymətləndirmək olarmı?
– Xaricdən futbolçu gətirilirsə, demək ki bir bilikləri var. Pis oynayan oyunçunu da gətirməzlər məncə. Bizim futbolçular da güclü legionerlərə baxıb onlarla ayaqlaşmağı bacarmalıdırlar. Komandanı gücləndirən futbolçulardırsa qoy gətirsinlər. O ki qaldı milliyə gətirilən legionerlərə bu dövlət səviyyəsində olan məsələdir, münasibət bildirə bilmirəm. Mənim bu məsələdə səriştəm yoxdur.
- Yaxın zamanlarda hansısa oyunu stadiondan izləmək fikriniz varmı?
– Qoy havalar biraz isinsin. Mən oyunlara getmək istəyirəm, amma boş stadionda oyuna baxmağın ləzzəti yoxdur. Stadion dolu olanda oyundan da zövq ala bilirsən.”Qarabağ” xarici klublarnan oynayanda gedib baxmışdım. “Xəzər Lənkəran”ın “Neftçi”, ya da “Qarabağ”la oyununa baxmaq istəyərəm.
“Evin uşağı yaxşı da olsa, pis də olsa valideyin onu qəbul edir”
- “Xəzər Lənkəran” son zamanlar uğursuz çıxış etsə də azarkeşləri yenə də oyunlara gəlir. Sizcə azarkeşlərdəki bu məhəbbət haradan qaynaqlanır?
– Burada başqa məsələ var. Bu onların öz doğma klubudur. Evin uşağı yaxşı da olsa, pis də olsa valideyin onu qəbul edir. Xaricdən gələn oyunçular oynaya bilməsə azarkeşin haqqı var ki narazı qalsın. Amma, indi oynayanlar öz balalarımızdır. Ona görə də onları həvəslədirmək, oyuna ruhlandırmaq lazımdır. Bunu da lənkəranlı azarkeşlər edirsə mən onlara qibtə edirəm.
- Bəs sizin futbola marağınız haradan qaynaqlanır?
– Mənim də bətbəxçiliyim futbolla yaşamağımdır. Elə vaxtım olub ki,mənlə birlikdə oyuna nazir müavini, nazirin özü də olub. Yəni bu futbol elə oyundur ki, hər cür insanı özünə cəlb edə bilir. Vəzifəli də olsan, böyük adam da olsan yenə də futbola marağın olacaq. Mənə də Allah bu həvəsi verib. İstərdim ki, bəzi sahələrdə olan neqativ hadisələr futbolumuzda olmasın. Qoy şəffaf oyunlar getsin, azarkeşlər maraqlı oyunlara baxsınlar. Futbol olan günü mənim bayramım olur. “Xəzər Lənkəran” yaxşı oynayanda sevinirəm, pis oynayanda mən də pis oluram. Elə insanlar var ki, mənə baxıb deyirlər ki, sənin işin-gücün yoxdur? Az bax da bu futbola. Amma, bu məndən asılı olan məsələ deyil (gülür). Bu elə bir hisdir ki, ancaq futbolu sevənlər bilər. Mən insanlar görmüşəm ki, futbola görə ağlayıb. Mən Lənkəranda yaşadığım vaxtlarda Azərbaycanda bir klub vardı, o da “Neftçi”. Mən o komandanın oyunlarının vaxtını bir vərəqə qeyd eləmişdim. Həmin vaxtları yenicə müğənniliyə başlamışdım. Həmin vaxtı ətrafımdakılara yalandan deyirdim ki, Bakıda toy götürmüşəm və o bəhanəynən də “Neftçi”nin oyunlarına gedirdim. Sonralar başladılar şübhələnməyə ki, necə ola bilər ki, bu insan hər dəfə futbol olan günlərədə toy tutur. Sonra da gəlib məni Tofiq Bəhramov stadionunda görmüşdülər (gülür).
Rahim Şaliyev