Dünən Azərbaycan Premyer Liqasının III turu çərçivəsində AZAL üzərində səfər qələbəsi qazanan “Neftçi” vaxt itirmədən növbəti qarşılaşma barədə düşünməyə başlayıb.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi həftəsonu “Sumqayıt”la keçiriləcək qarşılaşmaya ciddi itkilərlə hazırlaşır.
AZAL-la oyunda sarı vərəqə alan Elvin Yunuszadə və Emin Mehdiyev cəzalı duruma düşüblər. Onlarla yanaşı, adıçəkilən görüşdə zədələnən Məqsəd İsayevlə, bir müddətdi zədədən əziyyət çəkən Ernest Nforun da “Sumqayıt” önünə çıxmayacaqları dəqiqdi. Amma baş məşqçi Arif Əsədovun sıxıntısı bununla bitmir. Müdafiəçi Denis Silva, yarımmüdafiəçilər Mirhüseyn Seyidov, Elşən Abdullayev və hücumçu Rəhman Hacıyev də hazırda zədələrinin müalicəsi ilə məşğuldular. Onların qarşıdakı oyunda iştirakları sual altındadı. Hətta klubdan saytımıza verilən məlumata görə, son 4 oyunçunun da qarşıdakı turu buraxma ehtimalları böyükdü.
Qeyd edək ki, “Neftçi” çempionatın XXIV turu çərçivəsində “Sumqayıt”la fevralın 28-də üz-üzə gələcək.