"Mən artıq "Sumqayıt"dan ayrılıram. Burda qalmağım mənasızdı. Mənə qarşı düzgün hərəkət etmədilər".
Sportarena.az xəbər verir ki, bu sözləri "Sumqayıt"dan qalmaqallı şəkildə ayrılan Təvəkkül Məmmədov deyib.
"Bakı" ilə səfər matçında əsas heyətdən son anda çıxarılan, AFFA-dan gələn tapşırıq əsasında Orxan Əliyevin oynadılmasına etiraz ədən hücumçu saytımıza bildirib ki, Krasnodara çıxıb getməsi və sonra geri qayıtması Kamran Quliyevlə Aqil Məmmədovun təkidi ilə əlaqədardı.
"Söz-söhbətdən bezdim. Boynuma qoymağa çalışırdılar ki, guya, mən mətbuata elə açıqlama vermişəm. Söhbət elə olmamışdı. Mənə sual vermişdilər ki, xəbərin var, əsas heyətdə sən çıxmalıydın, Orxan AFFA-dan gələn zənglə oynayıb? Demişdim ki, mənim bundan xəbərim olmayıb, kim nə eləyib, öz işidi. Bu söhbət klubda çox müzakirə olundu. Gördüm belədi, qayıtdım evimə. Sonra baş məşqçi zəng vurdu Krasnodara, dedi ki, Təvəkkül, məni bütün Azərbaycanda biabır etmisən, camaatın içinə çıxmağa utanıram. Baş məşqçiyə yenə dedlm ki, mən elə sözlər işlətməmişəm".
Onun sözlərinə görə, prezidedent də öz növbəsində qardaşıyla əlaqə saxlayıb:
"Böyük qardaşıma deyib ki, Təvəkkül gəlsin, işlər düzələcək, narahat olmasın. Mən də onun sözüylə gəldim. Gələn kimi dedilər ki, nizam-intizamı pozmusan, buna görə 3250 dollarlıq maaşını kəsirik. Təklif etdilər ki, qalım, qalan ayları da 1000 dollara oynayım. İki gün danışdıq, razılaşmadım. Axı bu nə deməkdi? Mənim niyə maaşımı vermirsiz, deyirsiz, 1000 dollara oynayın? Neyləmişəm axı? Klubda o qədər üstümə gəldilər ki, bezib getdim. İndi qayıtmışam, düz söhbət edin də. Rusiyada olanda zəng vurub belə danışmamışdız, indi söhbəti fırladırsız. Deyirəm, sənədimi verin, gedirəm. Deyirlər, 25 min dollar gətir, sonra hara gedirsən get. Mən o pulu niyə verməliyəm ki? AFFA-ya şikayət etmişəm. Əgər onlar da haqqımı bərpa eləməsə, klubu FİFA-da məhkəməyə verəcəm. Əlimdə FİFA-nın kontraktı var, mənə qarşı belə hərəkət etməyə haqları yoxdu".