"Antalya toplanışında iki matç keçirdik. Futbolçularımın sərgilədiyi oyundan, əzmkarlıqlarından razıyam. Komandada istək var idi. Qana fiziki, atletik cəhətdən bizdən güclü idi. Məğlub olmağımıza baxmayaraq, futbolçularım sona qədər mübarizə apardılar".
Sportarena.az xəbər verir ki, bu sözləri Qol.az-a 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Yaşar Vahabzadə Qanaya 1:2 hesabı ilə uduzduqları yoxlama matçından sonra deyib.
"Əsasən də birinci hissədə baxımlı oyun göstərdik. İki gündən bir görüş keçirdiyimizə görə, bəlkə də oyunçularımda bir az yorğunluq var idi. Amma yenə də sağ olsunlar ki, axıra kimi mübarizə apardılar". - deyə o bildirib.
Y.Vahabzadə millimizin ən böyük problemini də açıqlayıb:
"Nə qədər çalışsaq da, hesabı bərabərləşdirə bilmədik. Bu, futboldur. Ən böyük problemimiz hücumçu problemidir. Biz Orxan Əliyevi məcburiyyətdən mərkəz hücumçusu mövqeyində oynadırıq. Birinci oyunda iştirak etdi, pis təsir bağışlamadı. Bu gün də çalışırdı ki, nəsə etsin. Amma o, klubunda tipik hücumçu kimi yox, cinahda oynayır. Təəssüflə deyirəm ki, hücum xəttində oynamağa futbolçumuz yoxdur.
Düzdür, klubların əvəzedici heyətlərində var, hamısını nəzərdən keçirmişik. Lakin bu səviyyədə gəlib oynaya biləcək hücumçu yoxdur. Buna görə də, əlimizdə olanlardan istifadə edirik".