Antalyada təlim-məşq toplanışında olan millimizin baş məşqçisi Robert Prosineçki Türkiyə mətbuatına danışıb.
Sportarena.az xəbər verir ki, xorvat məşqçi millimizdə potensiallı futbolçuların olduğunu deyib:
"Bir çox klubdan təklif alsam da, Azərbaycanda işləməyi üstün tutdum. Burda çox bacarıqlı, gələcək vəd edən oyunçular var. Azərbaycanın futbol potensialı yüksəkdi. Qarşıda bizi Maltayla oyun gözləyir. Səfərdə oynamağımıza və vaxtın azlığına baxmayaraq, bu matçdan qalib ayrılmağa çalışacağıq".
Robert həmçinin "Beşiktaş"da çalışan həmyerlisi Slaven Biliç haqda da danışıb:
"Biliçlə yaxın dostluğumuz var. Onunla fürsət tapan kimi görüşürük. Slavenin çalışdırdığı "Beşiktaş" hazırda yaxşı formadadı. Biliç həm çox gözəl insan, həm də əla məşqçidi".
Millimizin məşqçisi Fatih Terim və əvvəllər çalışdırdığı "Kayserispor"la bağlı da danışıb:
"Türkiyə millisinin "sükanı arxasında" çox bacarıqlı bir məşqçi - Fatih Terim var. Onun rəhbərliyi altında milli daim inkişaf edir və bu inkişafın artacağına inanıram.
Əvvəlki klubum "Kayserispor"un birinci liqada vəziyyəti yaxşıdı. İl yarım bu klubu çalışdırmışam. Burda çox gözəl günlərim keçib. İnşallah, onlar bu il çempion olub, Superliqaya qayıdarlar".