Transfer çalışmalarını davam etdirən “Qarabağ” hücum xəttini Dani Kuintana ilə gücləndirməyə çox yaxındı.
Sportarena.az xəbər verir ki, ispaniyalının gəlişi Ağdam klubunun bir legionerinin gedişinə səbəb ola bilər.
Söhbət braziliyalı hücumçu Danilo Diasdan gedir. Mövsümün əvvəlində “Maritimo”dan transfer edilən 30 yaşlı “sambaçı”nın başı zədələrini sağaltmağa qarışdığından, komandaya lazımi qədər kömək edə bilmədi. İştirak etdiyi matçlarda da baş məşqçi Qurban Qurbanovun etimadını doğrultmayan Dias böyük ehtimalla yayda yola salınacaq.
Qurbanov gələn mövsüm yarımmüdafiənin sol cinahında Kuintanaya şans verməyi düşünür və bu da Diasın əsas heyətə düşmək şansını daha da azaldır. Çox güman ki, braziliyalı ilə yeni müqavilə imzalanmayacaq.
Qeyd edək ki, Danilo Dias bu mövsüm “Qarabağ”ın heyətində ümumilikdə 11 oyun keçirib, 2 qol vurub. Futbolçu hər iki qolu Avrokubokda vurub.