"Xəzər Lənkəran" və U-16 millinin dayaq yarımmüdafiəçisi İbrahim Qədirzadənin Sportarena.az saytına müsahibəsi:
- U-16 millinin hazırlığını necə qiymətləndirirsən? İlk oyunda böyükhesablı qələbə və iki qolun oldu...
– İlk oyunda çətinlik çəkmədik. “Benfika” istənilən səviyyədə rəqib deyildi. İkinci oyunda rəqib bizdən güclü idi və qələb qazandılar. Üçüncü oyunda meydanda ola bilmədim. Məşqçi bu oyunda əsas yox, ehtiyat qüvvəyə daha çox şans verdi. Bu toplanışla rəsmi oyunlara hazırlıq üçün yaxşı şərait yaradıldı. Uğurlu nəticələr qazanmağa çalışırıq. Mən hücumçu olmasam da, oyunumla yanaşı qol vurmağla da komandaya kömək etməyə çalışıram.
- Millidə və “Xəzər Lənkəran”da səni fərqli mövqelərdə görürük...
– Doğrudur, bu məşqçilərin tapşırığına görədir. Mən dayaq yarımmüdafiəçisiyəm. Klubda daha çox hücuma kömək edirəm. Amma millidə məşqçinin tapşırığına uyğun olaraq müdafiəyə kömək edirəm.
- Səni bəzən “Xəzər Lənkəran”ın əvəzedici heyyətində də görürük...
– Əsasən U-16, həm də U-17-də çıxış edirəm. Bəzən əvəzedicilərdən də çağırırlar. Eyni zamanda millinin də oyunlarına qoşuluram.
- Bu qədər dəyişkənlik yorğunluq yaratmır ki?
– (gülür) Bəzən olur, amma bu mənim üçün xeyirlidir. Daha çox təcrübə toplaya bilirəm.
- Lənkərandakı oyunlarınıza azarkeşlər gəlirmi?
– Əsas komandanın oyunlarındakı kimi olmasa da, gəlirlər. Amma, mən istərdim ki, bizə daha çox dəstək olsunlar. Azarkeşlər çox olanda oyuna köklənmək də rahat olur.
- Hazırda U-16 komandasının çempionluq şanslarını necə qiymətləndirirsən?
– 15 komanda arasında 6-cı yerdə gedirik. Amma, o da var ki, liderlərlə xal fərqimiz çox deyil. İlk üçlüyə düşmək üçün şanslarımız var və inanıram ki, bu bizdə alınacaq.
Rahim Şaliyev