Premyer-liqanın 3-cü turundan təxirəsalınan və fevralın 24-də keçirilən AZAL – “Neftçi” oyununda (0:1) yaşanan bir məqamla bağlı hələ də müzakirələr, daha doğrurusu qarşılıqlı söz atışması davam edir. Söhbət Karlos Kardosonun laysman Nahid Əliyevin onu söyməsini iddia etməsindən gedir. Futbolçu epizodların birində yan xətt hakimi tərəfindən ağır sözlərə məruz qaldığını bildirib. Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədovun “Neftçi”dən fakt istəməsinə açıqlama verən “ağ-qaralar”ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə belə cavab vermişdi: “Olayı buraxırıq Nahid Əliyevin vicdanına. Vicdanına qulaq asıb düzünü desin... Xaqani Məmmədov isə öz ədəb-ərkanını salam verməməklə göstərdi. Belə bir komitə sədri futbolçunu söyən hakimin tərəfini saxlayacaq, bu tam normaldı”.
Sportarena.az xəbər verir ki, HK sədrinin “Neftçi” rəsmisinin açıqlamasına reaksiyası yetərincə aqressiv oldu:
“Onun səsləndirdiyi fikirlərdən tam narazıyam. Abbaszadə ağzına gələni danışır. Özü də o, son zamanlar çox şeyi hakimlərin vicdanına buraxır. İlk növbədə bəzi məsələləri öz vicdanına buraxsın. Ondan sonra kiminsə ünvanına danışsın. Artıq neçənci dəfədi bu təkrarlanır. Biz isə cavab vermirdik. “Qarabağ”la oyunda istədi ki, Əliyar Ağayevə psixoloji hücum etsin. Oyunun idarəçiliyini onun vicdanına buraxdığını açıqladı. Əliyarın vicdanı pak və təmizdi. Buna şübhə edənlərə Ağayev “Neftçi” – “Qarabağ” oyununu yüksək səviyyədə idarə etməklə sübut etdi. Sadəcə, Əliyara psixoloji bir hücum idi. Abbaszadənin növbəti şousu AZAL-la oyunda baş tutdu. Açıqlamasında deyib ki, Xaqani Məmmədov öz ədəb-ərkanını salam verməməklə göstərdi. Mənə elə gəlir, Abbaszadə həkimə müraciət edib, qulaqlarını yoxlatdırmalıdı. Deyəsən, onun qulağı çox ağır eşidir. Çünki mən iclasa daxil olanda AZAL-ın mətbuat katibi Eldəniz Yusifov, stadionun direktoru, təcili yardımın həkimləri də həmin zalda əyləşmişdi. Ora daxil olanda salam verib, yerimi tutdum. Gedib zaldakıların hamısını əl uzadıb, bir-bir görüşməli deyildim. Ora daxil olanda verdiyim salamı Eldəniz Yusifov aldı. Abbaszadə yəqin qulağı ağır eşitdiyinə görə, salam vermədiyimi deyir.
Bir şeyi deyəndə əvvəlcə onu dəqiqləşdirmək lazımdı. İstəsəz, AZAL-ın nümayəndələrinə zəng edib, soruşa bilərsiz ki, salam vermişəm, ya yox. Bəziləri kimi öz mədəniyyətimi itirməmişəm. Daha bir məqamı qeyd edim. Abbaszadə açıqlama verir ki, Kardosonun söyülməsini Ramos da eşidib və təsdiq edə bilər. Sonra da laysman haqda danışarkən bildirib ki, qalan hakimlər Nahid Əliyevin söydüyünü təsdiqləməz. Çünki həmkardılar. Həmin məntiqlə Erik də öz komanda yoldaşını müdafiə etməlidi də. Bu adi məntiqdi. Abbaszadə öz danışığına, mədəniyyətinə fikir versin.
Maraqlıdı ki, artıq oyundan öncə hakimə təzyiq başlanır. Bunun səbəbini onlardan soruşmaq lazımdı. “Neftçi”nin digər komandalardan bizim üçün heç bir fərqi yoxdu. Hansısa hakim səhv edibsə, bu o demək deyil ki, komandaya qarşı qərəz var. Artıq o vaxtlar keçib ki, hakimə psixoloji təsir edilsin. Bütün ədalət təmsilçiləri hazırlıq keçib, təcrübə toplayıb. İndi mətbuatda açıqlama verməklə, hakimə təsir etmək mümkün deyil. Hakimlər belə şeylərə fikir vermir, işlərini yaxşı bilirlər”.
"Futbol+" qəzeti