42 azarkeş həbs olundu

14:46 27 Fevral 2015

Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində “Roma” ilə Hollandiyada keçirilən cavab oyunu “Feyenoord”un azarkeşlərinə baha başa gəlib.

 

 

Sportarena.az xəbər verir ki, İtaliya klubunun qələbə qazandığı qarşılaşmanın ikinci hissəsində azarkeşlərlə polis arasında dava düşüb.
 
Görüşün 54-cü dəqiqəsində Miçel de Vredenin qırmızı vərəqə alması yerli azarkeşlərin çılğınlaşmasına səbəb olub. Bundan qəzəblənən fanatlar meydançaya yad əşyalar atıblar. Bu üzdən oyun bir neçə dəqiqə dayandırılıb. Hollandlar eyni zamanda ilk hissənin sonlarında da “Roma”nın afrikalı hücumçusu Jervinyoya böyük ölçülü banan maketi atıblar.
 
Yerli polisin məlumatına görə, 42 azarkeş saxlanılıb. Onlar stadiona qadağan olunmuş əşyalar aparmaqda və irqçi hərəkətlərə yol verməkdə ittiham olunurlar.
 
Qeyd edək ki, ilk oyunda “Roma” ilə səfərdə qollu heç-heçə (1:1) edən “Feyenoord” cavab görüşündə öz meydanında məğlub olaraq (1:2) mübarizəni dayandırıb.


Xəbər xətti