“Xəzər Lənkəran” klubunun müdafiəçisi Rasim Ramaldanovun müsahibəsi:
- Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində bu gün “Bakı” ilə qarşılaşacaqsız. Oyuna hazırsınızmı?
- Bəli, hazırıq. Hər şey qaydasındadı. Oyuna yaxşı hazırlaşdıq. İnanıram ki, bu görüşdə qalib gəlməklə, azarkeşlərimizi sevindirəcəyik.
- Rəqibin turnir cədvəlində sonuncu pillədə qərarlaşdığını nəzərə alsaq, qələbə qazanmağa borclusuz...
- Razıyam. Meydana qələbə üçün çıxacağıq. Əslində, biz bütün oyunlara bu niyyətlə çıxırıq. Qış fasiləsindən sonra xal üzünə həsrət qalmışıq. “Qara zolaq”dan qurtulmaq üçün əlimizə yaxşı imkan düşüb. Qələbə qazansaq, uşaqlarda həvəs yaranar.
- İstənilən halda, “Bakı”nı “asan yem” adlandırmaq da düzgün deyil...
- Heç bir komandaya asan yem kimi baxmaq olmaz. Həm də biz o vəziyyətdə deyilik ki, kiməsə yem gözü ilə baxaq. Hər iki komandanın heyətində gənclər çoxdu. Odu ki, istənilən nəticə ola bilər. Amma biz əlimizdən gələni edəcəyik ki, “Bakı”nı xalsız yola salaq.
- Millinin yeni baş məşqçisi Robert Prosineçkinin ilk toplanışında yer almadınız. Bu, sizin üçün sürpriz olmadı ki?
- Əslində, Prosineçkinin məni milliyə çağırmayacağını gözləyirdim. Çünki “Xəzər Lənkəran”ın heyətində qış toplanışında iştirak edə bilmədim. Zədələndiyim üçün məşqləri buraxmalı oldum. Prosineçki yanvarda Antalyada olanda klubları izləyib, təbii ki, məni orda görməyib. Belə vəziyyətdə çağıra bilməzdi axı. Odu ki, yığmadan kənarda qalmağımı sürpriz hesab etmirəm. Elə də olmalı idi.
- Yığmamızın “Şaxtyor”la yoxlama görüşünü izlədinizmi? Prosineçkinin gəlişindən sonra komandanın oyun tərzində nə kimi dəyişiklik var?
- Matçı internet vasitəsilə izlədim. İndi hücuma daha çox keçirik. Mən Foqtsun dalınca danışmaq istəmirəm. Amma görünən odu ki, milli indi hücumameyilli futbol sərgiləyir. Təki yığmada irəliləyiş olsun. Hamımız bunu istəyirik.
- Gələn ay millini Malta ilə rəsmi qarşılaşma gözləyir. Həmin oyunöncəsi toplanışda sizi görə bilərikmi?
- Onu baş məşqçi bilər. Prosineçki kimlərə dəvət göndərəcəksə, o da toplanışda yer alacaq.
- Amma sizin də çıxışınızdan çox şey asılıdı. Özünüzü yaxşı tərəfdən göstərsəniz, Prosineçkinin diqqətini cəlb edə bilərsiz...
- Elədi. Öz üzərimdə işləməliyəm ki, yenidən milliyə çağırılım. Son vaxtlar zədə səbəbindən çıxışımda zəifləmə oldu. Bu problemi aradan qaldırmalıyam.