Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində fevral ayının 28-də keçirilən “Xəzər Lənkəran” – “Bakı” oyununda “Fırtınalar meydanı”na toplanan azarkeş sayı ilə bağlı, indiyə qədər görünməyən biabırçı antirekord qeydə alnıb.
Sportarena.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi protokoluna əsasən bu qarşılaşmanı cəmi 500 azarkeş izləmişdir ki, bu rəqəm də “Fırtınalar meydanı” üçün bütün mənalarda birabırçı bir rəqəm sayıla bilər. Belə bir antirekord Elbrus Məmmədovun baş məşqçiliyi dövründə qeydə alındı.
Qeyd edək ki, “Bakı” ilə oyuna qədər ən böyük antirekord Oğuz Çetinin baş məşqçiliyində 21 dekabr 2014 tarixində baş tutmuş AZAL-la oyunda və Mustafa Dənizlinin baş məşqçiliyində 2013/14 mövsümündə XXXIV turda, may ayının 7-də keçirilən “Sumqayıt”la oyunda qeydə alınmışdı. Hər iki oyunu “Fırtınalar meydanı”nda cəmi 1000 azarkeş izləmişdi.
Buna qədər Con Toşaka məxsus iki il əvvəlki antirekordun təkrarı da iki dəfə məhz Mustafa Dənizlinin baş məşqçiliyinə təsadüf etmiş, sonra isə türk çalışdırıcı özü bu antirekordların yenilərini müəyyənləşdirmiş və onun öz yerinə təyin etdiyi Oğuz Çetin də müəlliminin antirekordlarını təkrarlamaqla klubun tarixinə bu mənada düşə bilmişdir.
Belə ki, 21 aprel 2013 tarixində “Fırtınalar meydanı”da komandamızın “Sumqayıt”la keçirilmiş oyununu 2000 azarkeş izləmişdisə və həmin antirekord Con Toşakın ayağına yazılmışdısa, 28-fevral 2013 tarixində baş tutmuş “Xəzər Lənkəran” – “İnter” oyununu da tribunalardan yenə də 2000-futbolsevər seyr etmişdi. Beləliklə “Xəzər Lənkəran”da çalışdığı müddətdə bir neçə antirekordlara imza atmaqla yadda qalan Con Toşakın bir antirekordunu Mustafa Dənizli təkrarlaya bilmiş və bir az da irəli gedərək 20.04.2014 tarixində AZAL-la aprel ayının 20-də komandanın ev oyununda 1200-azarkeşli daha bir yeni antirekord müəyyənləşdirmişdi ki, 07.05.2014 tarixində baş tutan “Xəzər Lənkəran” – “Sumqayıt” görüşündə tribunalara 1000-azarkeş toplamaqla necə deyərlər lap ağını çıxartdı. Bu antirekordu komandanı meydana çıxaran Oğuz Çetinin adına da yazmaq olardı, lakin fakt faktlığında qalır ki, Mutafa Dənizli rəsmən hələ də baş məşqçi vəzifəsini yerinə yetirirdi. Amma yuxarıda qeyd edildiyi kimi 21 dekabr 2014 tarixində baş tutmuş AZAL-la oyunda artıq “Xəzər Lənkəran”ın başında Oğuz Çetin dururdu. Deməli o da müəllimindən geri qalmadı.
Amma, 28-fevral 2015 tarixində “Bakı” ilə keçirilmiş oyun “Xəzər Lənkəran”ın azarkeş davamiyyəti baxımından “Fırtınalar meydanı”nda keçirilən ən biabırçı oyunu kimi tarixə düşəcək.
Qeyd edək ki, “Fırtınalar meydanı”nda keçirilən ölkə daxili turnirlərdə ən çox azarkeş toplanması 2010-ci ilin may ayının 15-də qeydə alınmışdı.
Bu rekord Ağasəlim Mircavadovun baş məşqçiliyində qeydə alınıb. Ölkə çempionatının son turunda “Bakı” klubunu qəbul edən “Xəzər Lənkəran”ın oyununu PFL-in rəsmi protokoluna əsasən 16000-azarkeş izləmişdi. Halbuki qeyri rəsmi məlumata görə stadiona ümumilikdə 20.000-ə yaxın futbolsevər toplanmışdı. Həmin gün stadiona gələn azarkeşlərin müəyyən hissəsi oturacaqların dolduğunu gördükdə tribunaların pilləkənlərində oturaraq və ya stadionun qaçış zolağında ayaq üstə dayanaraq oyunu izləmişdilər. Üstəlik içəri daxil ola bilməyən mindən çox azarkeş stadionun qapısı ağzında toplanmışdısa, müəyyən sayda insan da stadiona daxil ola bilmədikləri üçün geri qayıdaraq televiziya vasitəsi ilə oyunu seyr etmişdilər.
Arayış üçün qeyd edək ki, hətta stadionun təmirə bağlandığı müddətlərdə belə oyunlarını 2400-yerlik tribunası olan Lənkəran Olimpiya Mərkəzinin əsas meydançasında keçirən “Xəzər Lənkəran” ən azı 2500-3000 (yenə PFL-in və AFFA-nın rəsmi protokollarına əsasən) azarkeşin qarşısında çıxış edirdi.
Samir Talışinski