"İnter" Azərbaycan Premyer Liqasının XXIV turunda öz meydanında “Simurq” üzərində minimalhesablı (2:1) qələbə qazanıb. "Bankirlər"in qapıçısı Səlahər Ağayev qarşılaşma ilə bağlı apasport.az saytına müsahibə verib. Kapitan zədəsi barədə də danışıb.
Sportarena.az sizə həmin müsahibəni təqdim edir:
- Bu cür çətin qələbə qazanacağınızı gözləyirdinizmi?
- Çətin deyəndə, asan oyunla 3 xal qazanmaq yoxdu. Yaxşı, maraqlı görüş alındı. Vacib olan qələbə qazanmaq idi, bunun da öhdəsindən gəldik. Bir məsələ var ki, “Qarabağ” bizdən çox uzaqdadı. Əvəzində “Neftçi” bizə çatırdı. Buna görə də 3 xal qazanmaq mütləq idi. Ən azı yerimizi qorumalı, aşağı pillələrdəki komandaların bizə çatmasına imkan verməməliyik. “Qarabağ”la qarşıda 2 oyunumuz var. Bu matçlar imkan verir ki, aradakı fərqi "əridək".
- Matçdan əvvəl yenə bu iki komanda arasındakı münasibət gündəmə gəlmişdi. “İnter”in qələbə qazandığı oyun hansısa suallara aydınlıq gətirdimi?
- Hər şey göz qabağındadı. Üstəlik, qarşılaşma canlı yayımlandı. Hansısa başqa əməllərdən söhbət gedə bilməz. Necə oyun getdi, necə qollar vuruldu, bunu hamı gördü. Başqa komandalarla görüşə necə hazırlaşırdıqsa, bu oyuna da elə ciddi hazırlaşmışdıq.
- Müəyyən epizodlar oldu ki, topu tutan zaman tərəddüd edirdiniz. Hətta baş məşqçi də buna görə kənardan narazılığını bildirirdi. Həmin vaxt qərar verə bilmirdiniz?
- Oyun zamanı hər cür situasiya ilə üzləşirsən. Müəyyən səhvlər olur. Bu, hamının başına gələ bilir. Hər kəs qələbə qazanmaq istəyir, ona görə də səhvlərin az olması üçün bir-birinə kömək edir.
- “Qarabağ” məğlub oldu və xal fərqi 6-ya endi. Mübarizənin yenidən qızışdığını söyləmək olarmı?
- Yenə deyirəm, onlarla 2 oyunumuz var. Üstəlik, çempionat hələ davam edir. Əlimizi heç nədən üzməmişik. Sona qədər mübarizə aparacağıq. Hazırkı vəziyyət də bunu tələb edir. “Qarabağ”la görüşlərdə qələbə qazansaq, bu, fərqin sıfıra enməsi deməkdi. Mübarizə yenidən qızışdı deyəndə, biz geri çəkilməmişdik ki, yenidən də başlayaq.
- “Qarabağ”dan bu qədər geri qalmağınızın səbəbi nədi?
- Biz elə oyunlarda xallar itirdik ki... “Qarabağ” isə həmin matçlarda qalib gəldi və xal fərqi yaratdı.
- Yığmanın Antalya toplanışına zədəli olduğunu əsas gətirərək qatılmadınız. Əvəzində bu gün meydana çıxdınız. Zədəniz, həqiqətən də, Antalyadakı hazırlıq prosesinə qatılmağınıza mane olurdu?
- Sol ayağımda ağrılar var idi. Klubun həkimləri dedilər ki, risk etməyə dəyməz. Mən də bildirdim ki, siz millinin həkimləri ilə danışın. Yığmanın həkimləri də vəziyyəti bildikdən sonra qalmağımı, istirahət etməyimi məsləhət bildilər.