"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Premyer Liqanın 24-cü turunda "Qəbələ" ilə görüşdən (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
- "Qəbələ" ilə oyun haqda fikirlərinizi bildirərdin...
- Maraqlı oyun oldu. Bizim oyunçular çoxdandır ki, bir yerdə deyildilər. İlk hissədə taktiki baxımdan bir az problemlərimiz vardı. Amma ikinci hissədə oyunumuz düzəldi. İmkanlarımız da oldu, amma təəssüf ki, yararlana bilmədik. Həm də bu oyunda bəxtimiz gətirmədi. Ümumi götürəndə pis oyun alınmadı. Çalışacağıq ki, qarşıdakı oyunlarda qalib gələrək azarkeşlərimizi sevindirək.
- Digər komandalarla xal fərqi baxımından komandada rahatçılıq yoxdur?
- Yox, sadəcə bəzi futbolçular yorğun idi. Zədə səbəbindən mən də ayrı məşq edirdim. Problemlər var idi. Düzdür, bu, komandanı bir az rahatladır. Azarkeşlər qışqırır ki, "Çempion buraya", bu da futbolçuya təsir edir. Mətbuatdan da təzyiq olur. Amma nəzərə almaq lazımdır ki, 5 il dalbadal başımıza nə oyunlar gəldi və ona görə də biz çempion ola bilmirdik.
- Peşəkar futbolçu eyforiyaya qapılmamalıdır axı...
- Fikrimcə, Avropa Liqasında pis nəticə vermədik. Həmin anda eyforiyaya qapıla bilərdik, amma belə şey olmadı. Baş məşqçi dedi ki, daha sadə olmaq, futbola daha peşəkar yanaşmaq lazımdır ki, uğurun ardı gəlsin. İnanmıram ki, Azərbaycan çempionatında 6 oyunluq qələbə hansısa futbolçunu arxayınlaşdırsın.
- Komandanın arxayınlaşması ilə bağlı Qurban Qurbanov sizə nəsə deyib?
- Yox, heç nə. Baş məşqçi gəldi, dedi ki, yaxşı oyun keçirdiniz. Çünki qol imkanlarımız oldu, amma alınmadı.
- Yığma ilə toplanışa yollanan futbolçular istirahət edə bilmədi. Bunun məğlubiyyətdə rolu oldu?
- Yox, elə deməzdim. Çünki onlar 2 gün istirahət edə bildi. Bu, problem deyil. Sadəcə psixolji durum ola bilər. Həm də millinin oyunçularına görə uduzduğumuzu söyləmək olmaz. Bəlkə də elə ən yaxşı oynayanlar onlar idi. Hardasa, problem axtarmaq lazım deyil. "Qəbələ"yə məğlub olduq və fikrimcə, Premyer Liqada çempionluq mübarizəsi daha da gərginləşəcək.
- "İnter"lə "Neftçi" qələbə qazandı və xal fərqi azaldı...
- Hər iki komandanı təbrik edirəm. Bir az da olsa, yaxınlaşdılar. Amma hələ 6 xallıq fərq var. Qismət olsa, bu fərq dəyişəcək. Hələ o rəqiblərlə oyunumuz var. Çalışacağıq ki, həmin oyunlarda fərqi saxlayaq.