Qış fasiləsində “Xəzər Lənkəran”ın gəncləşdirmə siyasətinin qurbanlarından olan Cahangir Həsənzadə karyerasını bitirməyə hazırlaşır.
Sportarena.az apasporta.az-a istinadən xəbər verir ki, Həsənzadə hətta bu gündən etibarən AFFA-nın təşkil etdiyi məşqçi kursuna da qatılacağını söyləyib: “Futbolçu karyeramı bitirib-bitirməyəcəyim hələ dəqiq deyil. Buna mövsümün sonunda qərar verəcəm. Təklif olarsa, qalıb oynaya bilərəm. Amma mən artıq məşqçiliyin sirlərini də öyrənməyə başlayıram”.
Həsənzadə milli komandamızın formasını geyindiyindən, C kateqoriyasını oxumaqdan azaddı. Lakin o, özü məhz bu kateqoriyadan başlamaq fikrindədi: “Bilirəm ki, birbaşa B kateqoriyasından başlaya bilərəm. Lakin mən C-ni də oxumaq istəyirəm ki, bu işin əlifbasından başlayım. Bu sahədə pillə-pillə addımlamaq istəyirəm”.
Qeyd edək ki, Cahangir Həsənzadə karyerası ərzində 34 dəfə milli komandanın formasını geyinib.