Azərbaycan yığmasının və İspaniyanın "Qranada" klubunun yarımmüdafiəçisi Eddi İsrafilov komandasında əsas heyətə düşə bilməməsinə dair fikirlərini açıqlayıb.
Sportarena.az xəbər verir ki, o, bunları söyləyib:
"Bir futbolçu kimi, mən də oynamaq, daim meydanda olmaq istəyirəm. Amma onu da başa düşürəm ki, yüksək liqada ilk ilimdir. Debüt etməyə imkan tapmışam, hətta "Barselona"ya qarşı oynamaq şansı da qazanmışam. Daha çox oynamaq üçün öz üzərimdə çalışıram. Xüsusilə də komandaya yeni baş məşqçi gələndən sonra. Dözümlü olmağım lazımdır. Baş məşqçi nə vaxt oynamağıma qərar versə, meydana çıxmağa hazır olmalıyam".
İsrafilov La Liqa klublarının birindən təklif aldığını da etiraf edib: "Almeriya" mənimlə maraqlanırdı. Onlar real təklif göndərmişdilər. Amma hazırda "Qranada"dayam və bu klub barədə düşünürəm. Artıq zədəmi sağaltmışam. Soyuqqanlı qalmağa çalışıram".