"Qarabağ" klubu ispaniyalı futbolçu Dani Kuintananın transferini rəsmiləşdirib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün tibbi baxışdan uğurla keçən futbolçu ilə 3 illik müqavilə imzalayıb.
İspaniyanın "Valensiya" klubunun yetirməsi olan Kuintana ilk prineyli kimi "Qarabağ"ın tarixinə düşəcək. Karyerası ərzində daha çox ispan komandalarında çıxış edən Daninin ulduzu Polşanın "Yagelloniya" klubunda parlayıb. Ötən mövsüm Polşa 1-ci liqasında 15 qol vuran yarımmüdafiəçi bu mövsümün əvvəlində Səudiyyə Ərəbistanın "Əl-Əhli" klubuna transfer olunub. Mövsüm gedişində isə Ərəbistan təmsilçisi ilə yollarını ayıran Kuintana "Qarabağ"a keçib.
Qeyd edək ki, FİFA-nın qaydalarına əsasən Kuintana mövsüm ərzində iki klubda oynadığına görə cari mövsüm "Qarabağ"a kömək edə bilməyəcək.