Almaniya Bundesliqasının 23-cü turunda Dortmund "Borussiya"nın "Şalke" üzərindəki qələbəsinə (3:0) vurduğu bir qolla töhvə verən Pyer-Emerik Obameyanq sevincini maraqlı şəkildə büruzə verib.
Sportarena.az xəbər verir ki, afrikalı futbolçu matçın 78-ci dəqiqəsində hesabı açdıqdan sonra qol sevincini meydandan kənarda hazır saxladığı Betmen “maska”sını taxaraq qeyd edib. Futbolçunun komanda yoldaşı Marko Roys da öz növbəsində ona qoşularaq xəyali qəhrəmanın dostu Robinin “maska”sını taxıb. Matçın baş hakimi Obameyanqa etdiyi hərəkətə görə sarı vərəqə göstərib.
Oyundan sonra fikirlərini bildirən dortmundluların baş məşqçisi Yürgen Klopp qabonlu futbolçunun hərəkətindən razı qalmayıb:
"Deyəsən, Obameyanq bu matçda qol vuracağından əmin olduğu üçün oyundan öncə həmin maskanı meydanın kənarına qoymuşdu. Ancaq etdiyi bu hərəkət ona sarı vərəqə "qazandırdı". Onunla bu barədə ayrıca söhbət edəcəm".