"Xəzər Lənkəran"da rəhbərlik ingilislərə tapşırılır

18:34 3 Mart 2015

Bu il də çempionatda istənilən nəticəni verə bilməyən "Xəzər Lənkəran" mövsümün ortasında baş məşqçisi Oğuz Çətin ilə yolları ayırdı. Komandadan bir sıra yerli və xarici futbolçular göndərildi. Rəhbərliyin qərarına əsasən klub "gəncləşdirmə siyasəti" apardı. Əvəzedici komandanı birinci pilləyə kimi yüksəldən Elbrus Məmmədov komandanın baş məşqçisi vəzifəsinə gətirildi. Təbii ki, bütün bu olanlar komandanın fəxri prezidenti Mübariz Mənsimovun tapşırığı nəticəsində baş verdiyi ehtimal olunur. 

 

Buna əsas səbəb kimi dünya bazarında neftin ucuzlaşması fonunda Mübariz Mənsimovun sahibi olduğu "Palmali" şirkətinin gəlirlərinin azalması göstərilir. Bununla belə yayda bahalı oyunçuları heyətə qatan cənub klubu gözlənildiyindən pis nəticə göstərdiyi də ortadadır. İllik büdcəsi 20-30 milyon dollar olan klubun nəticələrinin aşağı olması səbəbindən rəhbərliyin belə radikal dəyişikliklərə getməsi də hardasa məntiqli görünür.

 

Sportarena.az xəbər verir ki, Mübariz Mənsimov yenidən "Xəzər Lənkəran"ı əvvəlki səviyyəsinə qaytarmaq istəyir. Bunun üçün isə ilk növbədə klub rəhbərliyində dəyişiklik edəcək. Və bu dəyişikliklər mövsümlərarası fasilədə baş verəcəyi gözlənilir.

 

Belə ki, ilk öncə komandanın vitse-prezidenti Tuyqun Nadirov vəzifəsindən uzaqlaşdırılacaq. Onun növbəti mövsümdən PFL-in prezidenti vəzifsində çalışacağı gözlənilir. Tuyqun Nadirovun gedişindən sonra klub prezidenti Mais Mənsimovun klub rəhbərliyindən uzaqlaşdırılacağı məlumatda yer alıb. 

 

Məlumatda deyilir ki, cənub klubuna Mübariz Mənsimovun dostu Roman Abramoviçin sahibi olduğu "Çelsi" klubunda çalışan şəxslərin biri rəhbər vəzifəsinə gətiriləcək. Klubun vitse-prezident vəzifəsinə isə yenidən Rəvan Bəşirovun gətiriləcəyi iddia olunur. Klubun baş məşqçisi isə böyük ehtimalla Nazim Süleymanov olacaq.

 

Mənbə: Avrofutbol.com


Digər xəbərlər

Xəbər xətti