Türkiyə yığmasının sabiq kapitanı, "Bakı" klubunun keçmiş baş məşqçisi Bülənt Qorxmaz müsahibəsində AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun dediklərinə münasibət bildirib.
Sportarena.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan yığmasının sabiq kapitanı Tərlan Əhmədov 2005-ci ildə Türkiyə ilə seçmə mərhələnin Bakıda keçirilən görüşü barədə maraqlı açıqlama verib. Onun sözlərinə görə Azərbaycan yığmasından uduzmağı xahiş ediblər, amma onlar razılaşmayıb...
- 10 il keçib həmin oyundan. Düzü həmin oyunu xatırlamaq belə çətindir. Futbolçunuzun dediklərini anlaya bilmirəm. Bizə heç kim heç nə deməyib. Həmin vaxt Türkiyə millisi Bakıya qələbə üçün gəlmişdi. Biz 1-0 hesabıyla qalib gəldik. Komandanız da yaxşı oyun sərgilədi. Belə açıqlama məni təəccübləndirdi. Çünki, bu barədə heç bir məlumatım yoxdur. O zaman bizim heyətdə güclü futbolçular çox idi. Bilirdik ki, Bakıda çətin müqavimətlə qarşılaşacayıq. İndi belə sözləri demək təəccüblüdür.
- Azərbaycan çempionatının oyunlarını izləyirsiniz?
- Evimdə peyk antennasıyla sizin kanalları izləyirəm. Çempionat matçlarına vaxt olan zaman baxıram. Sonuncu dəfə ötən gün ölkə kubokunun 1/4 final mərhələsində "Qəbələ"-"Simurq" görüşünə baxdım. Qəbələdə olan şərait çox gözəldir. Stadionları artıq hazırdır. Meydança çox gözəl vəziyyətdədir. Regionda klubun belə infrastrukturunun olması futbolun xeyrinədir. Qəbələ rəhbərliyini təbrik etmək olar.
- Oyun haqda nə düşünürsünüz?
- "Simurq"un səfərdə 3 qol vuracağını gözləmirdim. Zaqatala komandası yaxşı heyət formalaşdırıb. Digər tərəfdən "Qəbələ"də baş məşqçi yenidir, bəlkə ona vaxt lazımdır. Düzünü deyim ki, kənarda danışmaq asandır. Komandanın oyunlarının çoxusunu izləməmişəm. Ona görə fikir bildirmək çətindir. Heyətdə yerli oyunçuların olması xoşuma gəldi. Azərbaycan yığmasının güclü olması üçün yerli futbolçuların olması vacibdir.
- Çempionatın lider son çempion "Qarabağ" klubudur. Bu komandanın oyununa baxmısınız?
- "Qarabağ" yaxşı futbolçulara malikdir. Ötən il Avroliqanın qrup mərhələsində Bakıda "İnter"lə oyununa baxmışam. Çox üzüldüm. Son dəqiqələrdə vurulan qol qaydalar çərçivəsində idi. Hakim səhvə yol verdi. Bununla belə "Qarabağ"ı gözəl oyuna görə təbrik etmək olar. Komanda inkişafını davam etdirsə yaxın gələcəkdə Çempionlar Liqasının qrup mərhələsində oynaya bilər.
- Vaxtı ilə işlədiyiniz "Bakı" klubundan xəbəriniz var?
- O klubda çox hörmət etdiyim Hafiz Məmmədov var. "Bakı" hər zaman ürəyimdədir. Komandanın indiki vəziyyətini görmək mənim üçün ağırdır. Sona qədər inanıram ki, klubun prezidenti problemləri həll edəcək. Mətbuatda komandanın maliyyə probleminin olduğu deyilirdi. O cür bazası, stadionları olan komanda inkişafdan dayanmamalıdır. "Bakı" hər zaman iddialı olub və bundan sonra da belə olmağını istərdim.
- Azərbaycan millisi xorvat baş məşqçi Robert Prosineçkiyə tapşırılıb. Sizcə o yığmada dəyişikliklər edə biləcək?
- Prosineçki yaxşı futbolçu olub. Məşqçi kimi də dəyişiklik edəcəyi dəqiqdir. Əvvəllər Azərbaycanda bütün yaş qrupları üzrə yığmalar alman modeli üzrə işləyib. İndi hər şey dəyişəcək. Yəqin heyətə yeni adlar cəlb olunacaq. Prosineçkinin millidəki işi barədə danışmaq düzgün deyil. Ona vaxt vermək lazımdır. Zaman hər şeyi göstərəcək.
- İlk rəsmi oyun martı 28-i Bakıda Maltaya qarşı olacaq. Azərbaycan hər halda Maltanı məğlub etməlidir...
- Malta sizin üçün zəif sayılmamalıdır. Son illər güclü komandalara qarşı yaxşı oyun göstərirlər. Sözsüz Bakıda onları çox sayda azərbaycanlı azərkeş gözləyir. Özü də yerli fanatlar hər zaman qələbə istəyir. Millinizin uğurlu çıxış edəcəyinə ümid edirəm. Malta üzərində qələbə real görünür.