Azərbaycan kubokunun ¼ final mərhələsinin ilkin oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Bakı” (3:0) qarşılaşmasından sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun qonaqların türkiyəli çalışdırıcısı İbrahim Uzunca ilə qısa bir dialoq qurduğunu xəbər vermişdik. Oyunsonrası mətbuat konfransında məşqçilər də öz aralarındakı söhbətdən danışsalar da, məqamları tam açmayıblar.
Sportarena.az saytının əldə etdiyi məlumata görə, tərəflər arasında dialoq zamanı Qurbanov özünün və “Qarabağ” rəhbərliyinin təklifini şifahi şəkildə Uzuncaya çatdıraraq onun münasibətini öyrənib. Belə ki, Qurbanov özünün “Bakı”nın futbolçusu Nurlan Novruzovun xidmətində maraqlı olduğunu bildirməklə yanaşı, həm də “Qarabağ” rəhbərliyinin “Bakı” klubu ilə futbolçu mübadiləsi etmək istədiyini Uzuncaya çatdırıb. “Qarabağ” “Bakı” klubunun heyyətində olan gənc futbolçuları yaxın gələcəkdə və daha sonrakı vaxtlarda öz heyyətinə qatmaqla həm “Bakı”ya maddi cəhətdən “dayaq” yaratmaq, həm də klubdan öz uşaq məktəbi kimi yararlanmaq istəyindədir. Bəlkə də bunun səbəbidir ki, İbrahim Uzunca mətbuat konfransında “Qarabağı” o ki var təriflədi.
“Bakı” klubunun aşağı liqaya düşəcəyi praqnozu inandırıcı olduğuna görə, dünən klub rəhbərliyinin keçirdiyi iclasda bu təklifə müsbət baxıb və əks tərəfə bu barədə şərtlərini göndərib.