"Xəzər Lənkəran"ın gənc mərkəz müdafiəçisi Elvin Mirzəyevin müsahibəsi:
- Bu gün "Qarabağ"la üz-üzə gələcəksiz. Bu matçdan qalib ayrıla biləcəksiniz?
- Hamımız meydana qələbə üçün çıxacağıq. Fikrimiz bu oyundan 3 xalla ayrılmaqdı. Biz komanda şəklində oynayıb qalib gəlməliyik.
- "Qarabağ" kimi komanda ilə matçda 3 xala ümid edirsiz?
- Düzdü, çox çətin olacaq. Amma futbolda bilmək olmaz nə olacaq. Gözlənilməz hadisələrlə qarşılaşmaq həmişə mümkündür. Heç kim əminliklə deyə bilməz ki, rəqib qalib gələcək. İnanıram ki, biz gözəl oyunla qələbə qazanacağıq.
- Deməli "Xəzər Lənkəran" gözlənilməz bir şeyə ümid edəcək?
- Deməzdim ki, təkcə gözlənilməzə ümid edəcəyik. Çalışmalıyıq belə güclü rəqibə qarşı yaxşı oyun göstərək və nəticə də qazanaq. Sonuncu dəqiqəyə qədər vuruşacağıq.
- Sən də gənc futbolçulardan birisən. Komandanın oyunundan razısan?
- Hələ ki, gözlədiyimiz nəticələri qazana bilmirik. Bunun üçün çox çalışsaq da, təcrübə çatmır. Amma deməzdim ki, biz çempionatda ən zəif komandayıq. Çünki gücümüz var.
- AFFA-nın hesabat konfransında iki komandanın çempionatı tərk edəcəyi bildirildi. "Araz Naxçıvan" artıq gedib. Sonuncu pillələrdə olan komandalardan biri də aşağı liqaya yuvarlanacaq. Sizin üçün belə bir təhlükə olmasından narahat deyiləsiz?
- İnanıram ki, belə bir təhlükə bizim komandaya yaxın gəlməz. Əlimizdən gələni etməliyik ki, "Xəzər Lənkəran" pis hadisələrlə üzləşməz.
- Kubokda nəticəyə ümid edirdiz. Amma "İnter" ə 0:2 hesabı ilə uduzduz...
- Biz "İnter"ə qarşı zəif oynamadıq. Əksinə onlardan üstün futbol göstərdik. Sadəcə əlimizə düşən fürsətləri boşa verdik. Qol imkanlarından yararlansaydıq, indi 0:2 hesabı ilə uduzmuş halda deyildik. Bu son demək deyil. Qarşıda cavab oyunu var. Doğma azarkeşlərimiz önündə qalib gələcəyik.
- Səncə, "İnter" kimi müdafiədən oynayan komanda ilə qarşılaşmada nəticəni dəyişə biləcəksiz?
- Çətindir. Amma mümkünsüz deyil.
Mənbə: Qafqazinfo.az