Premyer Liqanın 25-ci turunda "Qarabağ" doğma meydanda "Xəzər Lənkəran"ı 1:0 hesabı ilə məğlub edib.
Sportarena.az xəbər verir ki. oyundan sonra "Qarabağ"ın yarımmüdafiəçisi Cavid Tağıyev jurnalistlərin suallarını cavablandırıb:
- "Xəzər Lənkəran"la oyunda vacib qələbə qazandınız. Oyun haqda nə deyərdin?
- "Xəzər Lənkəran” gənclərdən ibarət komanda olmasına baxmayaraq, çox yaxşı oyun nümayiş etdirdilər. Matçın çətin keçəcəyini bildiyimiz üçün oyuna yaxşı hazırlaşmışdıq. Meydana qələbə üçün çıxmışdıq və bu istəyimizə nail olduq.
- Oyun ərzində bir neçə qol imkanlarını dəyərləndirə bilmədiniz. Reynaldonun yoxluğu nə dərəcədə hiss olundu?
- Xeyli qol imkanlarından yararlana bilmədik. Buna baxmayaraq hücumda oynayan Vüqar Nadirov Reynaldonun yoxluğunu hiss etdirmədi. Bəzi epizodlarda etdiyimiz səhvləri gələn oyunlarda düzəltməyə çalışacağıq.
- Qol vurulduqdan sonra sanki "Xəzər Lənkəran”ın müdafiəsində boşluqlar oldu...
- Ola bilər rəqib komandada ruh düşkünlüyü yarandı. İkinci hissənin əvvəlində qol vurmaq bizim üçün də yaxşı oldu. Qolu gec vursaydıq, bizim üçün çətin olacaqdı.
- Fasilədə baş məşqçiniz Qurban Qurbanov sizə nələr dedi?
- Hücum zamanı daha dəqiq oynamağı tapşırdı. Bunun da nəticəsi olaraq ikinci hissənin əvvəlində qol vurduq.
- Artıq 3 turdur ki, əsas heyətdə meydana çıxırsan...
- Meydana əsas heyətdə çıxdığım üçün heç vaxt rahatlaşmıram. Məşqlərdə hər gün daha yaxşı nəticə göstərməyə çalışıram ki, əsas heyətdə yerimi möhkəmləndirim. Komandamızda rəqabət böyükdür. Hər kəs əlindən gələni edir ki, öz mövqeyində daimi çıxış etsin.
- "Neftçi” də turnir cədvəlində ən yaxın izləyiciniz "İnter"ə məğlub oldu. Artıq çempionluq yolunda tək rəqibinizin "İnter” olduğunu demək olarmı?
- "İnter”lə altı xallıq fərqimiz var. Çempionatın çətin keçəcəyini bilirdik. Biz sadəcə növbəti oyunlarda qələbə qazanmağı düşünməliyik. Hər oyun qələbə qazansaq, çempionluq bizim olacaq.