Türkiyənin “Beşiktaş” klubu üçün tikilən stadionun oxşarı Azərbaycanda da tikiləcək.
Sportarena.az Azərtac-a istinadən xəbər verir ki, artıq bu barədə ilkin razılıq əldə edilib. Türkiyədə işgüzar səfərdə olan “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli Beşiktaş Klubunun rəhbəri, tanınmış iş adamı Fikrət Ormanla görüşdə belə bir qərar qəbul edilib. Hacı İbrahim Nehrəmli bu klubun yenidən inşa edilən stadionunda aparılan tikinti işləri ilə tanış olub. Türkiyənin ən müasir stadionu olacaq bu meydançanın oxşarının “Khazar İslands”da inşa edə biləcəklərini qeyd edən Beşiktaş Klubunun rəhbəri Fikrət Orman rəhbərlik etdiyi qurumun bu istiqamətdə “Avesta Concern”lə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Azərbaycanda beynəlxalq miqyaslı idman turnirlərinin artıq ənənə halını aldığını bildirən Hacı İbrahim Nehrəmli “Khazar İslands” layihəsində də bu məqamı nəzərə aldıqlarını diqqətə çatdırıb.
“Avesta Concern”in prezidenti həyata keçirdikləri layihədə müxtəlif növ idman yarışlarının keçirilməsini təmin edəcək meydançalarının olmasına xüsusi önəm verdiyini, gələcəkdə bu şəhərdə beynəlxalq idman yarışlarının keçiriləcəyinə inandığını bildirib. Beşkitaş İnşaatın “Khazar İslands”da stadion inşa etmək təklifi ətrafında aparılan danışıqlarda ilkin razılıq əldə olunub. Razılığa gəlinib ki, “Khazar İslands”da inşa ediləcək stadionun layihəsinin hazırlanması və inşası ilə bağlı danışıqlar davam etdirilsin.