Tərlan Qasımzadə: "Mənim üçün ən vacib amil "Xəzər Lənkəran"da oynamaqdır" - MÜSAHİBƏ

14:07 10 Mart 2015

"Xəzər Lənkəran"ın gənc qapıçısı Tərlan Qasımzadə apasport.az saytına müsahibə veirb.

 

 

Sportarena.az həmin müsahibəni təqdim edir.

 

 

 

- Komandanızın gəncləşdirmə siyasətinə keçməsi siz də daxil olmaqla, gənc oyunçuların özlərini göstərməsi üçün yaxşı imkan yaradıb...

- Razıyam. Təkcə mənim üçün yox, komanda yoldaşlarım üçün də yaxşı şans yaranıb. Özümüzü göstərib, bu imkandan yararlanmalıyıq. Həm azarkeşlərimizin, həm də klub rəhbərliyinin etimadını doğrultmaq lazımdı. Əminəm ki, mən də daxil olmaqla, bunu bacaracağıq.

 

- Komandada Vyekoslav Tomiç və Orxan Sadıqlı kimi, sizdən təcrübəli qapıçılar var. Onlarla rəqabət aparmaq çətin olmayacaq ki?

- Mən çalışıram ki, ilk növbədə, baş məşqçinin etimadını doğruldum. Məşqlərdə var gücümlə işləyib, öz şansımı gözləyirəm. Açıq mübarizədən çəkinmirəm. Rəqabətə hazıram.

 

- Tomiç bildiklərini sizinlə bölüşürmü? Yəni qapıçılıqla bağlı məsləhətlərini verirmi?

- Tomiç də, Orxan da yaşda məndən böyükdü. Hər ikisi daha təcrübəlidi. Onlardan görüb-götürürəm. Tomiç bizimlə tez-tez danışır, məsləhətlərini verir. Həm məşqlərdə, həm də oyunlarda onların çıxışını izləyirəm. Qapıçının psixoloji hazırlığı da yüksək olmalıdı. Mən də çalışıram ki, hər bir cəhətdən hazır olum. Bir də qapıçılarla işləyən məşqçi Vidadi Hüseynovla tez-tez danışıram. Onun tapşırıqlarını yerinə yetirməyə çalışıram.

 

- Qapıçı üçün oyun praktikası çox vacibdi. “Xəzər Lənkəran”da rəqabətdə uduzsanız, icarə əsasında başqa klubda çıxış etmək istərsinizmi?

- Xeyr. Mənim üçün ən vacib amil “Xəzər Lənkəran”da oynamaqdır. İcarə haqda düşünmürəm. Bütün fikrimi məşqlərə yönəltmişəm. Başqa klubların yox, “Xəzər Lənkəran”ın qapısını qorumaq istəyirəm.

 

- Baş məşqçi Elbrus Məmmədov necə, sizə güvənirmi?

- Elbrus müəllim bütün uşaqlara şans verir. Antalyada keçirdiyimiz yoxlama görüşlərində mənə də güvəndi. İnamını hiss edirəm. Sadəcə, bu gün əsas qapıçı Tomiçdi. Elə epizodlar olur ki, komandanı yüz faizlik qoldan xilas edir. Bəlkə də Tomiç olmasaydı, oyunlarda hesablar başqa cür olardı.

 

- Gənc futbolçu kimi qarşınıza hansı hədəfləri qoymusuz?

- İlk hədəfim “Xəzər Lənkəran”ın əsas qapıçısı olmaqdı. Bunun üçün məşqlərdə çox çalışmalıyam. Alnımdan tər axmasa, heç nəyə nail olmaram. Mən qarşıma konkret məqsəd qoymuşam. “Xəzər Lənkəran”dan sonra millinin də qapıçısı olmaq istəyirəm. Təbii ki, bunun üçün ilk növbədə, klubumun heyətində özümü göstərməliyəm. 

 


Digər xəbərlər

Xəbər xətti