Adamın azərbaycanlı gənc futbolçuya yazığı gəlir. Niyə? Çünki o, özünü göstərmək, bacarığını nümayiş etdirmək hüququndan məhrumdu. Axı yazıq istedadını harda açsın? Bir köpüklük legionerlərin var-gəl etdiyi komandalarda? Kimdi ona bu şansı verən?
Bizdə komandaların sayı az olduğundan, hər il xeyli sayda gənc futbolçu it-bat olur. Legionerlərə qapı açan klublarda gənclərə yer tapılmır. Belədə cavanlar günlərini ən yaxşı halda əvəzedici komandada keçirir, ordan yuxarı addım ata bilmirlər. Bu isə istedadı olan futbolçu və ona “qırmızı işıq” yandıran klubdan çox, Azərbaycan futboluna zərbə deməkdi.
“Xəzər Lənkəran”ın bu il strategiyasını dəyişməsi həm klubun azarkeşlərini, həm də futbol ictimaiyyətini məyus etdi. Amma nahaq yerə. Düzdü, həmişə iddialı kimi tanıdığımız cənub klubunun birdən-birə gənclərə üstünlük verməsi heç də birmənalı qarşılanmadı. Cavanlara şans verdikdən sonra komandanın iddiasını qoruya bilməyəcəyi gün kimi aydın idi. Hazırkı gedişat da onu göstərir.
Bəli, “Xəzər Lənkəran” qış fasiləsindən sonra çempionatda keçirdiyi 6 oyunun 5-də məğlub olub. Guya “ağ-yaşıllar” legionerlərin vaxtında əla çıxış edirdi? Heç kim deyə bilməz ki, cənub klubu son görüşlərdə mübarizə aparmadan, rəqibinə təslim olub. Gənclər bütün oyunlarda döyüşüblər, bütün güclərini meydanda qoyublar. Məlumdu ki, təcrübəli futbolçuların azlıq təşkil etdiyi komandanın nəticə əldə etməsi çətindi. Amma bu gün “Xəzər Lənkəran” Azərbaycan futboluna yeni istedadlar bəxş edir. Bəlkə də, klub yarandığı gündən futbolumuza ən çox xeyri məhz indi verir.
Elşən Rzazadə, Tərlan Qasımzadə, İlyas Səfərzadə, Kamran Abdullazadə, Elvin Mirzəyev, Kazım Kazımlı, Elnur İsmayılov, Elnur Cəfərov... Siyahını uzatmaq da olar. Bu cür gənclərə əsas heyətdə şans verməyin özü də cəsarətdi. Adını çəkdiyim futbolçular oyundan-oyuna daha ürəkli və inamlı çıxış edirlər. “Xəzər Lənkəran” bu gəncləri təkcə özünə yox, həm də Azərbaycan futboluna qazandırır. Klub strategiyasını dəyişməsəydi, onları harda izləyəcəkdik? İnanmıram ki, gənclər legionerlərin çoxluq təşkil etdiyi dönəmdə əsas komandada özlərinə yer tutardılar. Ən yaxşı halda, içlərində biri boyundan yuxarı tullana bilərdi. Deməli, klubun strategiyasını dəyişməsi Azərbaycan futbolunun xeyrinə oldu.
Bu gün “Xəzər Lənkəran”ın əsas heyətində çıxış edən gənclər Elbrus Məmmədovun əlindən su içiblər. Onların vaxtilə əvəzedici, indi də əsas komandada oynamalarının səbəbkarlarından biri də məhz Məmmədovdu. Elbrus bəyin hər dəfə müsahibələrində gənclərin tərəfini saxlaması onlara olan güvənini göstərir. Gənclər özləri də dərk edirlər ki, əsas heyətdə oynamaları onlar üçün göydəndüşmə şansdı. Buna görə də özlərini yaxşı tərəfdən göstərib, əsas heyətə təsadüfi düşmədiklərini isbatlamalıdılar.
Kim düşünürsə ki, “Xəzər Lənkəran” strategiyasını dəyişəndən sonra baxımsız futbol oynayır, səhv edir. Onsuz da, komanda güclü heyətlə də bu mövsüm ciddi nəticəyə imza ata bilməyəcəkdi. Odu ki, gəncləşdirmə siyasətinə keçmək vaxtında atılmış doğru addım oldu. Lənkəranlı azarkeşlər ən azından, indi döyüşkən komanda izləyirlər. Legionerlərin vaxtında heç bunu da görmürdük.
Eybi yoxdu, “Xəzər Lənkəran” bu mövsüm də medalsız qalsın. Əsas odu ki, Lənkəranda gələcəyin komandası qurulur. Sabah klub yenidən iddiasını artıra, legionerlər dəvət edə bilər. Lakin əminəm ki, bu gənclərdən bir neçəsi həmin komandada da özünə yer tapa biləcək. Klub hazırkı strategiyasının bəhrəsini də məhz onda görəcək.
Tengiz Məmmədov