"Xəzər" TV-də yayımlanan "Futbol saatı" verilişində qonaq olan "Sumqayıt"ın meneceri Ceyhun Sultanov təmsil etdiyi komandanın futbolçularını sərt şəkildə tənqid edib.
Sportarena.az xəbər verir ki, xüsusilə "Qəbələ"yə son turda 0:2-lik məğlubiyyət Sultanovu tamam özündən çıxardıb: "Mətbuat bizim futbolçuları çox tərifləyir. Nəticədə onlarda "şişir" və özlərini ulduz kimi təsəvvür edirlər. Qəbələdə ortaya qoyulan oyun bəlkə də mövsümdəki ən zəif oyunumuz oldu. Uduzmaq olar, amma uduzanda da mübarizə aparıb uduzmalısan. Bu cür oyunla bizim klubdan heç kim milliyə layiq deyil. İstəyir Orxan Əliyev olsun, istəyir Məhəmməd Qurbanov, istəyir də digərləri. Bu futbolçuları bu hazırlıqla Malta ilə oyuna çağırmaq olmaz. Çünki milliyə layiq deyillər. Əgər Robert Prosineçki bizim klubun futbolçularını bu oyunla milliyə çağıracaqsa, deməli onun futboldan anlayışı yoxdur".