Sportarena.az xəbər verir ki, bu sözləri Portuqaliyanın U-17 yığmasının baş məşqçisi Filipe Ramos deyib.
O bildirib ki, pireneylilər Avropa çempionatının elit-raundunun Bakıda keçiriləcək qrup oyunlarına böyük iddia ilə qatılacaq. Martın 17-də start götürəcək turnirdə Azərbaycan, Serbiya və Xorvatiyaya rəqib olan portuqaliyalıların çalışdırıcısı ölkəmizi 1-ci yerin sahibi kimi tərk etmək istəyir: “Elit-raunda vəsiqəni 3 oyunda qazandığımız 3 qələbə ilə əldə etmişik. Bu da bizdə özünəinam hissi yaradıb. Bilirik ki, bu dəfə işimiz daha çətin olacaq. Çünki rəqiblərimizin gücünə yaxşı bələdik. Serbiya, Xorvatiya və Azərbaycan millilərini çox yaxşı tanıyırıq. Yenə də hər 3 qarşılaşmada qalib gəlmək əzmindəyik. Bunu bacarsaq, lap əla olar. Mümkün olan və hətta olmayanı edəcəyik ki, final mərhələsinə yüksələk. Düşünürəm ki, bunun üçün lazım olan bütün keyfiyyətlərə malik komandamız var”.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu martın 19-da keçiriləcək.