Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku”nun 5 üzvü Xorvatiyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Istrian Spring Trophy” yürüşündə çıxış edir.
Sportarena.az xəbər verir ki, Maksim Averin, İsmayıl İlyasov, Markus Eybeger, Dennis van Vinden və Yannis Tamuridisdən ibarət heyət komandamıza cari mövsümdə ilk qələbə sevinci yaşadıb.
Yarışın martın 13-də keçirilən ilk mərhələsində 2-ci yeri tutan Markus Eybeger bu günkü dağ mərhələsində hamı üçün əlçatmaz olub. O, əla komanda işinin nəticəsi olaraq ən yaxın izləyicisini 6 saniyə qabaqlamaqla 157 km məsafəni birinci başa vurub – 3 saat, 43 dəqiqə, 24 saniyə. Bu, “Synergy Baku”nun 2015-ci ildə ilk mərhələ qalibiyyəti kimi əlamətdar olub.
Ardıcıl 2 mərhələdə fəxri kürsüyə yüksəlməsi Markus Eybegerə ümumi təsnifatda liderliyi ələ keçirməyə imkan verib. Komandamızın üzvü hazırda ən yaxın izləyicisi, Rusiyanın “İtera-Katyuşa” kollektivinin velosipedçisi Sergey Nikolayevi 8 saniyə qabaqlayır. Martın 15-də keçiriləcək 156 km-dən ibarət sonuncu mərhələdə uğurlu çıxış Eybegerə yarışın lider köynəyini qazanmağa imkan verəcək.