Portuqaliya yığmasının baş məşqçisi Azərbaycanı özlərinə rəqib saymır

18:10 16 Mart 2015

“Bizim həmişə güclü komandamız olub. Belə turnirlər gənc futbolçularımızın təcrübə toplaması üçün çox önəmlidi”.

 

 

Sportarena.az xəbər verir ki, bu sözləri Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Filipe Ramos deyib.

 

Sabah Bakıda start götürəcək Avropa çempionatının elit-raund mərhələsinə münasibət bildirən Ramos hədəflərinin liderlik olduğunu bildirib: “Ötən il Avropa çempionatında 3-cü yeri tutmuşuqsa, budəfəki hədəfimiz finala vəsiqə qazanmaqdı. Təbii ki, bizdən başqa bu məqsədi daşıyanlar da var. Bundan öncə Şimali İrlandiya (3:0), Sloveniya (1:0) və Türkiyə (1:0) üzərində qələbə qazanmışıq. Eyni tempdə yolumuza davam etmək istəyirik. Ancaq indi bu, çox çətindi”.

 

Baş məşqçi qrupda əsas rəqiblərinin Xorvatiya olacağını düşünür: “Qrupumuzda əsas rəqibimiz Xorvatiya olacaq. Onlar da seçmə mərhələni məğlubiyyətsiz başa vurublar. Onlarla son turda qarşılaşmaq yaxşıdı. Ona qədər isə 6 xal toplamalıyıq. İlk görüşdə Serbiyanı məğlub edib, Azərbaycan – Xorvatiya matçının nəticəsini gözləyəcəyik. Çünki hər şey ola bilər. İlk oyunlardan çox şey asılıdı. Mən istənilən halda Portuqaliyasız Avropa çempionatı təsəvvür edə bilmirəm”.

 

Qeyd edək ki, martın 17-dən 22-dək Bakıda U-17-lər arasında Avropa çempionatının elit-raund mərhələsi çərçivəsində II qrupun oyunları keçiriləcək. Azərbaycan, Xorvatiya, Portuqaliya və Serbiya milliləri qrupda mübarizə aparacaqlar.


Digər xəbərlər

Xəbər xətti