Sabah Avropa çempionatının elit-raundunda mübarizəyə başlayacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi tarixində 5-ci dəfə final mərhələsinin bir addımlığında çıxış edəcək.
Sportarena.az xəbər verir ki, qitə arenasında 51-ci mövsümünü keçirən yeniyetmələrimiz indiyədək 4 dəfə elit-raundda oynayıb.
Hər dəfə ən azı 2 məğlubiyyət alan komandamız 2003-cü ildəki ilk cəhddə ümumiyyətlə xal qazana bilməyib. 2005 və 2007-ci illərdə hesabına 1 qələbə yazan yığmamız 6 il əvvələ təsadüf edən son cəhddə 1 heç-heçəylə kifayətlənib.
Ardıcıl 3 dəfə elit-raundu 3-cü yerdə başa vuran millimiz ilk dəfə bu mərhələni evdə keçirəcək. Bu isə komandamıza əlavə üstünlük verməlidi. Portuqaliya, Serbiya və Xorvatiya ilə üz-üzə gələcək yığmamız 5-ci cəhddən ilkə imza atmaq üçün ən azı ilk 2 pillədən birini tutmalıdı. Çünki qrup qalibləri ilə yanaşı, 2-ci yer sahiblərindən ən yaxşı nəticəyə malik 7 yığma da Bolqarıstandakı həlledici turnirə yollanacaq.