“Burda vəziyyəti pisdi, 4 aydı pulumuzu vermirlər”.
Sportarena.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq üzvü Branimir Subaşiç deyib.
Hazırda karyerasını Türkiyənin PTT I Liqasında davam etdirən 33 yaşlı hücumçu üzləşdiyi durumdan narazıdı.
Formasını geyindiyi “Manisaspor” klubundan pulunu ala bilmədiyini deyən Subaşiç vəziyyətdən çıxış yolu axtarır: “Nə edəcəyimi hələlik bilmirəm. Azərbaycan klublarında belə halla üzləşməyim yadıma gəlmir. Yüngül gecikmələr olurdu. Lakin bu cür halla rastlaşmamışam. Son 4 ayın maaşını ala bilmirik və bu durumun nə vaxta kimi davam edəcəyi də məlum deyil”.
Subaşiç söhbət əsnasında Azərbaycan klubu ilə danışıq apardığını və yay “transfer pəncərəsi”ndə ölkəmizə qayıda biləcəyini istisna etməyib: “Belə olmaz. Maaş məsələsindən əlavə, komandanın hazırkı çıxışı da ürəyimcə deyil. Türkiyənin başqa klublarından təkliflər var. Azərbaycandan da bir klubla danışmışam. Bir aydan sonra bəlli olacaq. Amma mən Azərbaycana qayıtmağı çox istəyirəm”.
Qeyd edək ki, 2007-2013-cü illərdə millimizin şərəfini qorumuş Subaşiç vaxtilə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ” klublarının formasını geyinib.